Cəfər Cabbarlı adına Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçirilib

Cəfər Cabbarlı adına Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçirilib
Bu gün Muzey Mərkəzində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Bakı şəhərinin muzey ictimaiyyətinin nümayəndələri, görkəmli teatr və musiqi xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, muzey sahəsi üzrə respublikada ilk dəfə olaraq 3D texnologiyaları əsasında tərtib edilən veb-saytın hazırlanmasını bu sahədə atılan mühüm addım hesab etmək olar.

Muzeyin direktoru Nuridə Nurullayeva da saytın hazırlanmasını teatr sahəsində böyük hadisə kimi qiymətləndirib. "Muzeyin kitabxana fondunda toplanan kitablar, o cümlədən elmi məqalələr, resenziyalar da işlənərək sayta təqdim olunub, materiallar ədəbi tənqid, musiqi, rəssamlıq, teatr tənqidi və bədii ədəbiyyat bölmələri üzrə yerləşdirilib. Gələcəkdə saytın mütəmadi olaraq yeni materiallarla zənginləşdirilməsi nəzərdə tutulub",- deyə N. Nurullayeva əlavə edib.

İştirakçıları saytla tanış edən "Musiqi dünyası" jurnalının baş redaktoru, professor Tariyel Məmmədov bildirib ki, muzeyin ekspozisiyasında nümayiş etdirilən və fondlarda qorunan eksponatların bir qisminin elektron variantı hazırlanaraq sayta yerləşdirilib: "Zallar üzrə üç dildə virtual tur təşkil olunub. Muzeyin fonoteka şöbəsində qorunan nadir videoyazılar da saytda əksini tapıb. Gələcəkdə saytın mütəmadi olaraq yeni materiallarla zənginləşdirilməsi nəzərdə tutulub".

Məlumat üçün bildirək ki, saytda SSRİ xalq artistləri Sidqi Ruhulla, Ədil İskənədrov, Hökümə Qurbanova, İsmayıl Osmanalı, xalq artistləri Həqiqət Rzayeva, İsmayıl Hidayətzadə, Şəmsi Bədəlbəyli, xalq rəssamları Əzim Əzimzadə, Bədurə Əfqanlı, Kamil Xanlarov, İsmayıl Axundov, Kazım Kazımzadə kimi bir çox sənətkarların şəxsi arxivləri, eləcə də respublikada fəaliyyət göstərən dövlət teatrlarına aid materiallar yerləşdirilib.

Qeyd edək ki, sayt "Musiqi Dünyası" jurnalı redaksiyası tərəfindən muzeyin fondunda qorunan materiallar əsasında hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə