Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib YENİLƏNİB-FOTOLAR

Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov iştirakçıları salamlayaraq məlumat verib ki, konfransa seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak etmir.

Hesabatlara başlamazdan əvvəl iştirakçılara Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini əks etdirən geniş videoçarx nümayiş etdirilib.

Videoçarxın nümayişindən sonra hesabat dövründə dünyasını dəyişmiş sənət adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ATXİ İdarə heyətinin sədri Azər Paşa Nemətovun təklifi ilə 3 nəfərdən ibarət mandat komissiyası seçilib.

İclası aparmaq üçün professor, Əməkdar incəsənət xadimi İlham Rəhimli yekdilliklə sədr seçilib.

Sonra Teatr Xadimləri İttifaqının Azər Paşa Nemətov hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi çıxışının əvvəlində Azərbaycan teatrının keçdiyi inkişaf yolundan bəhs edib, bu sahəyə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini deyib. Vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı bunun bariz nümunəsidir. Dövlətin qayğısı, həmçinin sənət adamlarımızın fədakarlığı sayəsində Azərbaycan teatrı yaşayır, inkişaf edir.

Məruzədə hesabat dövründə yaradıcılıq ittifaqının gördüyü işlər barədə məlumat verilib. Görkəmli teatr xadimlərinin yubileylərinin keçirildiyi, onlarla bağlı xatirə albom-kitablarının hazırlanıb nəşr edildiyi, yaxın və uzaq xarici ölkələrdən gəlmiş teatr xadimlərinin iştirakı ilə ustad dərslərinin, eləcə də yaradıcılıq laboratoriyalarının təşkil edildiyi diqqətə çatdırılıb: “Bununla yanaşı, ittifaqın nəzdində müxtəlif teatrlarda çalışan rejissorlar tərəfindən tamaşalar hazırlanıb, Gürcüstan və Bolqarıstan teatrları və teatr təşkilatları ilə yaradıcılıq memorandumları imzalanıb. Sevindirici haldır ki, bu münasibətlər təkcə paytaxt Bakını yox, həm də bölgə teatrlarını da əhatə edir”.

Məruzəçi ATXİ-nin xətti ilə keçirilən festival və müsabiqələr barədə də danışıb.

Sonra Azərbaycan Teatr Xadimləri İttifaqı Təftiş komissiyasının sədri, Xalq artisti Vaqif Əsədov hesabat verib. Hesabatda ötən dövrdə görülmüş işlər, gəlirlər və xərclər barədə geniş məlumat yer alıb.

Ardınca Mandat komissiyasının məlumatı dinlənilib.

İclasın sədri İlham Rəhimli “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının əhəmiyyəti qeyd edərək, proqramın həyata keçirilməsində Mədəniyyət Nazirliyinin böyük rolunu vurğulayıb.

Çıxış üçün söz Mədəniyyət naziri Əbülfəs Qarayevə verilib.

Nazir öncə konfrans iştirakçılarını ölkəmizin bütün mədəniyyət işçiləri adından salamlayıb.

Azərbaycanda teatr sənətinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu deyən nazir teatrlarımızın yaradıcılıq fəaliyyətinin, beynəlxalq əlaqələrinin genişlənməsinin də diqqətdə saxlanıldığını vurğulayıb, ötən son ildə müvafiq dövlət proqramının necə yerinə yetirildiyi barədə geniş məlumat verib. Bildirib ki, bu gün artıq qarşıdakı on il üçün milli teatr prosesinin necə gedəcəyi barədə düşünməliyik: peşəkar teatr bundan sonra necə inkişaf edəcək, milli irs, dəyərlər, adət-ənənələr bu sənətdə necə qorunacaq, eksperimentlər necə aparılacaq kimi suallara cavab vermək, bütün bunların növbəti on il ərzində işləyəcək teatr proqramda əks etdirilməsi barədə düşünmək və həyata keçirilməsi üzərində çalışmaq lazımdır. “Teatr cəmiyyətin aynasına çevrilməlidir” deyən nazir Əbülfəz Qarayev Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirib.

Tədbirdə hesabat məruzəsi ətrafında çıxışlar olub.

Bakı Xoreoqrafiya Akademiyasının professoru Rafiq Sadıqov, ADMİU-nun kafedra müdiri, dramaturq Əli Əmirli, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissor-aktyoru Xalq artisti Kamran Quliyev, Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev, ADMİU-nun dosenti , Əməkdar artist Azad Şükürov, Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova, ATXİ Gənclər bölməsinin rəhbəri, teatrşünas Dağlar Yusifov hesabat məruzəsi ətrafında çıxış edərək ittifaqın və ATXİ İdarə heyəti sədrinin fəaliyyətini müsbət, təşrif komissiyasının işini məqbul qiymətləndiriblər.

Fasilədən sonra ATXİ İdarə heyətinin sədri, üzvləri, habelə təftiş komissiyası heyəti ilə bağlı səsvermə keçirilib.

Açıq səsvermə yolu ilə Xalq artisti, professor Azər Paşa Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçilib.

Təftiş komissiyası əvvəlki heyətdə təsdiq edilib.

ATXİ İdarə heyətinin sədrinin müavinlərini və İdarə heyətinin tərkibini elan etmək üçün tribunaya qalxan sədr Azər Paşa Nemətov əvvəlcə etimada görə konfrans nümayəndələrinə minnətdarlığını bildirib: “Sizin etimadınız o deməkdir ki, mənim həyatım boş keçməyib”.

Hacı İsmayılov və Rafiq Əliyev sədrin müavinləri, Hacı İsmayılov, Rafiq Əliyev, Cənnət Səlimova, Siyavuş Kərimi, Azər Zeynalov və İlham Rəhimli yekdilliklə idarə heyətinin üzvü seçiliblər.

Konfransın növbəti hesabat dövründə görəcəyi işlər barədə qərar layihəsini Xalq artisti Nurəddin Mehdixanlı, Teatr Xadimləri İttifaqının bəyannaməsini İdarə heyətinin üzvü Hacı İsmayılov oxuyub.

Bununla da Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı öz işini başa çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə