Qənirə Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib

Qənirə Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib

Özbəkistanın Fərqanə vilayətinin Margilan şəhərində Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair tədbir və Milli Məclisin deputatı Qənirə Paşayevanın bu ölkədə çıxmış kitabının təqdimat mərasimi keçirilib.

SİA xəbər verir ki, tədbiri Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri Enaxon Suddikova açaraq, iki xalq arasında ədəbi-mədəni əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib, bu istiqamətdə görülən işlərdən bəhs edib. O, Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin Özbəkistana hər bir səfərinin maraqlı olduğunu və əməkdaşlıq üçün yeni imkanlar açdığını söyləyib və bu mənada deputat, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayevanın Fərqanə vilayətinə, Margilan şəhərinə səfərini, keçirdiyi görüşləri və müəllifi olduğu kitabın Margilanda təqdimatının keçirilməsini yüksək qiymətləndirib.

Enaxon Suddikova iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətinə görə Qənirə Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkürnamə təqdim edib.

Deputat Qənirə Paşayeva tədbirdə Azərbaycan həqiqətlərinə, Azərbaycan-Özbəkistan münasibətləri və Qarabağ problemində dair geniş məruzə ilə çıxış edib. Özbəkistanda özünü Azərbaycandakı kimi hiss etdiyini, özbək xalqını çox sevdiyini bildirən Q.Paşayeva, Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışıb, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Q.Paşayeva qeyd edib ki, Margilan şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir. O, Özbəkistanda özbək dilində kitabının nəşr olunmasından məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumat verən Milli Məclisin deputatı qardaş Özbəkistanın bu münaqişənin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Q.Paşayeva Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını bildirib.

O, eyni zamanda, ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında danışıb və gələcək nəsillərin də bu barədə məlumatlı olmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov ölkələrimizin regionları arasında əlaqələrin yaradılması və inkişafından söz açıb, bu əməkdaşlığın daha geniş inkişafı üçün bütün istiqamətlərdə böyük imkanların olduğunu deyib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəni əlaqələrdən bəhs edib, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin layihələri haqqında danışaraq, görülən işlərin öz uğurlu nəticəsini verdiyini bildirib.

Özbəkistanın “Kitob dunyasi” qəzetinin baş redaktoru, şair Xasiyyət Rüstəm, Özbəkistanın tanınmış şair, yazar, alimləri çıxış edərək hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, təqdimatların, poeziya gecələrinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması və s. məsələlərə dair fikirlər söyləyib, regionlar arasında əməkdaşlığa dair potensialın daha böyük olduğunu diqqətə çatdırıblar.

Tədbir bədii proqramla davam edib.

Sonra Q.Paşayeva Fərqanə və Margilan rəhbərliyi ilə görüşüb, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi təklifi ilə çıxış edib. Onun təklifi bölgə rəsmiləri tərəfindən dəstəklənib və bu istiqamətdə dafa fəal çalışmaların aparılacağı vurğulanıb.

Q.Paşayeva, eyni zamanda, Fərqanə vilayətinin, o cümlədən Margilan şəhərinin fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Margilan şəhərindəki Yaradıcılar parkında olub, Xalq şairi, ictimai xadim, Özbəkistan qəhrəmanı Erkin Vahidovun buradakı abidəsi önünə gül-çiçək dəstələri qoyub. Həmçinin parkda “Erkin Vahidov” muzeyi və Erkin Vahidov adına Yaradıcılıq məktəbi ilə tanışlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə