“Mədəniyyətlərarası dialoq” mövzusunda “Ən Yaxşı Fotoşəkil” müsabiqəsi elan olunub
Azərbaycan hökumətinin təşəbbüsü ilə aprelin 7-dən 9-a qədər Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda "Ən Yaxşı Fotoşəkil" müsabiqəsi elan olunub.
Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, miqyasının genişliyinə, iştirakçıların tərkibinə, tərəfdaş qismində cəlb olunan beynəlxalq qurumların sayına və formatına görə Bakı Forumunu dünya səviyyəli ilk belə tədbir hesab etmək olar. Belə ki, forumun təşkilinə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi, İSESKO və "Euronews" kimi nüfuzlu beynəlxalq qurumlar tərəfdaş kimi cəlb edilib.
Müsabiqənin keçirilməsində məqsəd dünya xalqları və müxtəlif sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq etməkdir. Müsabiqənin şərtlərinə görə, təqdim ediləcək fotoşəkillər rəngli və ya ağ-qara ola bilər. Mədəniyyətlərarası dialoqa həsr olunan fotolar Azərbaycanda və dünyada yaşayan müxtəlif xalqlar, mədəniyyətlər və dinlər arasında birgə yaşama ənənələrinə, dialoq və əməkdaşlığın təbliğinə xidmət etməlidir.
İşlər Mədəniyyət və Turizm Nazirliyinə martın 15-dək təqdim edilməlidir. Müsabiqəyə təqdim edilən fotoların əsasında forumun keçiriləcəyi məkanda – "Gülüstan" sarayında foyedə 30-50 əsərlik fotosərgi təşkil ediləcək.
Müsabiqənin qalibləri forum iştirakçıları tərəfindən gizli səsvermə yolu ilə təyin olunacaq. Qaliblər üçün hər biri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis edilib. Təltif olunma mərasimi isə aprelin 8-də "Buta" sarayında keçiriləcək.
Məlumatda o da bildirilib ki, müsabiqə nəticəsində fotosərgi üçün seçilmiş işlər dövlət mülkiyyəti sayılmaqla, Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB