Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Milli Nəfəs Alətləri Festivalı” keçirilir
Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı ilə oktyabr ayının 3-dən 6-dək keçirilən “Milli Nəfəs Alətləri Festivalı” bu gün “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktiki konfransla təntənəli şəkildə açıq elan edilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Televiziyası Mədəniyyət Kanalının direktoru, festivalın bədii rəhbəri Ramil Qasımov çıxış edərək Azərbaycanda bu festivalın milli nəfəs alətlərimizin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, ölkəmizdə, milli və professional musiqimizin təbliğində dövlətimizin, ölkə rəhbərliyinin gördüyü işlər əvəzsizdir. Hər zaman mədəni irsimizin təbliği istiqamətində, ölkə hüdudlarından kənarda ölkəmizin birinci vitse-prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı, onun rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələrin musiqimizin inkişafı yolunda böyük əhəmiyyəti var. Bu yaxınlarda Heydər Əliyev Mərkəzində baş tutan qədim musiqi alətlərinin sərgisi, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş nümunələr Azərbaycan mədəniyyətinin nə qədər qədim tarixinin olmasını bir daha təsdiqlədi.
Milli nəfəs alətləri festivalı da bu kimi tədbirlərin davamı olaraq, düşünürəm ki, musiqi həyatımıza bir töhfə olacaq. Dövlətimizin bu siyasətinin davamı olaraq Azərbaycan Televiziyası Mədəniyyət Kanalının bu kimi layihələrinin davamlı olacağını bildirib.
Həmçinin konfransın qonaqları – Xalq artistləri Siyavuş Kərimi, Murad Hüseynov, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, bu festivalın keçirilməsinin yeni nəslin milli ruhda formalaşmasına da əvəzsiz töhfə verəcəyini labüd hesab edib.
Üç gün ərzində bu festival çərçivəsində müxtəlif konsert salonlarında – Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyasında fərqli və rəngarəng tədbirlərin keçirilməyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB