"Xocalı - şəhid şəhər" adlı kitab sərgisinin açılışı olub - FOTO

"Xocalı - şəhid şəhər" adlı kitab sərgisinin açılışı olub - FOTO
Bu gün Milli Kitabxanada Xocalı faciəsinin 19-cu ildönümü münasibəti ilə "Xocalı - şəhid şəhər" adlı kitab sərgisinin açılışı, həmçinin "Soyqırım cinayəti" və S.Məmmədovun "Xocalı soyqırımı" kitablarının təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, tədbir Milli Kitabxananın hazırladığı "Xocalı" adlı elektron məlumat bazasının təqdimatı ilə başlayıb. Bu məlumat bazasına "Soyqırım", "Xocalı rayonu", "Kitablar", "Ermənilərin etirafı" kimi bölmələr yerləşdirilib ki, artıq neçə gündür ki, dünya oxucuları bu bazadan istifadə edirlər.

Daha sonra tədbiri açıq elan edən kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bu gün təqdim olunan "Xocalı soyqırımı" kitabçası gənclərimizin və xarici qonaqların bu barədə məlumatlandırılması məqsədi ilə tərtib olunub: "Bu məlumat kitabçası Qarabağ döyüşlərində erməni təcavüzkarlarına qarşı vuruşan, ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələri gözləri ilə görən polkovnik Sadir Məmmədov tərəfindən qələmə alınıb. Dünya ictimaiyyətinə müraciətlə başlanan bu nəşrdə Xocalının erməni faşistləri tərəfindən yerlə yeksan edilməsindən, dinc əhalinin şahidi olduqları hadisələrdən bəhs olunur. Eyni zamanda kitabçada vəhşicəsinə qətlə yetirilən insanların fotoşəkilləri də verilib".

Mədəniyyət və turizm nazirlinin I müavini Vaqif Əliyev isə öz çıxışında vurğulayıb ki, bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir: "Xocalı soyqırımını XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab etmək olar. Bu faciə iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir".

O həmçinin çıxışında Xocalı münasibətlərini, o ağrılı günləri bir daha yada salıb və bu genosidin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd edib.

Tədbir iştirakçılarının Milli Kitabxananın hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet materiallarından ibarət "Xocalı - şəhid şəhər" sərgisi marağa səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə