Avropa Şurası Mədəni Marşrutlarının 9-cu illik Məşvərət Forumu keçirilir

Avropa Şurası Mədəni Marşrutlarının 9-cu illik Məşvərət Forumu keçirilir

Rumıniyanın Sibiu şəhərində Avropa Şurasının Mədəni Marşrutlar üzrə 9-cu illik Məşvərət Forumu keçirilir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Forum Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyin, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun, habelə Rumıniyanın Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin əməkdaşı Vüqar Məmmədov təmsil edir.

Mədəni marşrutlar üzrə sazişə üzv olan ölkələrin təmsilçilərinin, bir sıra beynəlxalq təşkilatların, komissiyaların və sahəvi qurumların müxtəlif səviyyəli nümayəndələrinin qatıldığı forumda imkanlar və trendlər - transmilli Avropa potensialı, mədəni marşrutların perspektivləri və digər mövzularda sessiyalar keçirilir. Forum çərçivəsində cari il ərzində Avropa Şurası tərəfindən təsdiq edilmiş mədəni marşrutlarla bağlı aparılmış qiymətləndirilmələr ilə əlaqədar diskussiyalar aparılır. Eyni zamanda, 2020-ci ildə Yunanıstanda keçirilməsi planlaşdırılan növbəti forumda əhatə ediləcək məsələlər ətrafında fikir mübadiləsi təşkil edilir.

Səfər çərçivəsində Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin sədri Birgitta Ringbeck və sədr müavini - Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Levan Xaratişvili ilə görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq vasitəsilə potensialların daha səmərəli nümayişi, həmçinin müxtəlif təşkilatların cəlb edilməsi ilə mədəni marşrutların təbliğat-təşviqat işlərinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Foruma oktyabrın 4-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə