İşçi Qrupunun ilk iclası keçirilib

Mədəniyyət Nazirliyinin Kollegiya Qərarına əsasən yaradıcı sənaye sahələrinin inkişafı və strateji istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə yaradılmış “Yaradıcı və Mədəniyyət Sənayelərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması üzrə İşçi Qrupunun ilk iclası keçirilib.

İşçi qrupunun tərkibinə Mədəniyyət Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları və nazirliyin tabeliyində olan qurumların nümayəndələri daxil edilib.

Nazirlikdən SİA-ya bildirilib ki, iclasda Azərbaycanda yaradıcı və mədəniyyət sənayelərinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib. Bu sahənin inkişafı istiqamətində yaranan problemlər və həll yolları barədə fikir mübadiləsi aparılıb, həmçinin görülməli işlər barədə nazirliyin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Yaradıcı və mədəniyyət sənayeləri üzrə dünya təcrübəsi, yerli müasir innovativ yanaşmalar və onların ölkəmizdə tətbiqi imkanları müzakirə edilib.

Görüş zamanı çıxış edən İşçi Qrupunun rəhbəri, nazirliyin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bu sahədə atılacaq gələcək addımlar barədə lazımi məlumatları iştirakçılara çatdırıb. “Yaradıcı və mədəniyyət sənayelərinin daha geniş təbliğatını təmin etmək məqsədilə tezliklə “Creative Azerbaijan” internet saytının istifadəyə verilməsi və bu sahədə digər layihələrin həyata keçirilməsi nəzərdə tutulur”, – deyə V.Eyvazzadə çıxışı zamanı söyləyib.

Qeyd edək ki, görüş zamanı bu sahədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə sosial çarxın hazırlanması təklif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə