Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair fikir mübadiləsi aparılıb FOTOLAR

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinə dair fikir mübadiləsi aparılıb FOTOLAR

Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyəti Fərqanə vilayətinin Mərgilan şəhərindəki Yaradıcılar parkında olub. SİA-nın məlumatına görə, Xalq şairi, ictimai xadim, Özbəkistan qəhrəmanı Erkin Vahidovun buradakı abidəsi önünə çiçək dəstələri qoyub.

Azərbaycandan gələn qonaqlar parkdakı “Erkin Vahidov” muzeyi ilə tanış olub, sonra Erkin Vahidov adına Yaradıcılıq məktəbinə gediblər.

Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri, şair Enaxon Suddikova qonaqları salamlayıb, ədəbi-mədəni əlaqələr sahəsində əməkdaşlığın inkişaf etdiyini bildirib.

Qənirə Paşayeva Özbəkistanda özünü Azərbaycandakı kimi hiss etdiyini, özbək xalqını çox sevdiyini bildirib. O deyib: “biz dost yox, qardaş xalqlarıq. Səməd Vurğunla Qafur Qulamın, digər şair və yazıçılarımızın yaradıcılıq əlaqələri bir örnəkdir”. Deputat vurğulayıb ki, böyük özbək şairi Əlişir Nəvai Nizami Gəncəvini özünün ustadı hesab edib və ədəbiyyat tarixinə türk dilində “Xəmsə” yaradan şair kimi düşüb.

Fərqanə vilayət hakiminin müavini Feyzulla Kasimov ölkələrimizin regionları arasında əlaqələrin yaradılması və inkişafından danışıb. Deyilib ki, məktəblərimizin, universitetlərimizin əməkdaşlığı yaxşı bəhrə verə bilər.

Şair Xasiyyət Rüstəm deyib ki, ədəbi-mədəni sahədə əlaqələrimiz durmadan inkişaf edir. Keçmiş sovet dövründə şair və yazıçılarımız, mədəniyyət xadimlərimiz arasında sıx əməkdaşlıq olub, bu əlaqələri daha da inkişaf etdirmək vacibdir və bu iş bizim üzərimizə düşür.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov iki ölkə arasında mədəni əlaqələrdən danışıb, Azərbaycanda və Özbəkistanda keçirilən Beynəlxalq muğam, aşıq festivallarında hər iki tərəfin aktiv iştirak etdiyini, xalqlarımızı birləşdirən muğam, aşıq sənəti, Novruz bayramı, milli mətbəximiz haqqında məlumat verərək, milli mədəni irsimizin dünyada təbliğ edilməsi istiqamətində xeyli iş görüldüyünü bildirib. Natiq Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin layihələri haqqında danışaraq, görülən işlərin öz uğurlu nəticəsini verdiyini qeyd edib.

Sonra şagirdlər və tələbələr Qənirə Paşayevanın şeirlərini söyləyib, müğənnilər onun şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

Tədbir Özbəkistan Yazıçılar İttifaqının Fərqanə şöbəsi və “Kitob dunyasi” qəzeti, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə