Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Zaman və uşaq musiqisi” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans ittifaqın 85 illik yubileyinə həsr olunub.
Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə uşaq musiqisi sahəsində problemlərdən söz açıb. Bildirib ki, son illərdə uşaq musiqisinin inkişafı sahəsində bir sıra layihələr həyata keçirilib. Bu istiqamətdə atılan addımlar uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir göstərir.
İttifaqın Uşaq musiqisi və gənclərin musiqi-estetik tərbiyəsi bölməsinin sədri, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva “Uşaq musiqisinin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, görkəmli bəstəkarlarımızdan bir çoxları uşaq musiqisinə müraciət edərək gözəl nümunələr yaradıblar. Həmin əsərlər kifayət qədər populyarlıq qazanıb. Hazırda bir sıra bəstəkarlarımız tərəfindən bu ənənələr davam etdirilir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Musiqi tarixi kafedrasının müdiri, Əməkdar müəllim Ülviyyə İmanovanın bəstəkar, Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın “Azərbaycan uşaq musiqisinə həsr olunmuş kitabı” və BMA-nın professoru, Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın “Bəstəkar Sevda İbrahimovanın yaradıcılığında musiqi təhsilinə yanaşma üsulları” mövzusunda məruzələri dinlənilib.
Konfrans iştirakçıları həmçinin Zülfiyyə İbrahimova rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunun Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunun ifasında Zabitə Məmmədovanın bəstələdiyi “Rəssam olacağam mən” (söz: İsmayıl Dadaşov), “Çəpişim” (söz: İlyas Tapdıq) mahnılarını dinləyiblər.
Beynəlxalq müsabiqələr laureatı, BMA-nın professoru Fəridə Əhmədbəyova və pianoçu Günel Qocayevanın ifaları da konfransa xoş ovqat bəxş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB