“Xocalı fəryadı” adlı yaradıcılıq sərgisi təşkil olunub

“Xocalı fəryadı” adlı yaradıcılıq sərgisi təşkil olunub
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Humay" Milli mükafatçısı, Rəssamlar İttifaqının üzvü Rauf Əbdülhüseyn və onun davamçısı Raufun Xocalı soyqrımına həsr olunan "Xocalı fəryadı" adlı yaradıcılıq sərgisi təşkil olunub.

SİA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı soyqırımnın təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu diqqətə çatdırıb. O bildirib ki, sərginin keçirilməsində məqsəd məhz bu faciənin qurbanlarını yad etməkdir: "Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi".

R.Tağıyeva onu da qeyd edib ki, hər bir xalq öz sevinc və kədərini, ağrı-acısını müəyyən vasitələrlə şeirlə, rəsmlə, filmlə və digər vasitələrlə dilə gətirir, dünyaya çatdırır və tarixdə yaşadır: "Azərbaycanda da bu faciəyə şeirlər qoşuldu, hekayələr yazıldı, filmlər çəkildi dünyaya çatdırıldı. Bu günki sərgidə biz həmin faciəyəyə bir daha sənət və sənətkar gözü ilə, hissi ilə baxacağıq".

Sərgidə ata və oğulun "Son ümid", "Perik düşənlər", "Qarabağın dağıdılmış məzarları", "Bizə qaçqın deməyin", "Qanlı Xocalının şahidi", "Xocalıların göyü yaran naləsi" adlı əsərləri nümayişə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə