“Unudulmayanlar” layihəsində yeni faktlar təqdim olunub FOTO

“Unudulmayanlar” layihəsində yeni faktlar təqdim olunub FOTO

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti tədbiri təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə Bakı xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Mirbabayevin xatirəsi yad edilib.

Xatirə gecəsində təqdiqatçı –alim, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı xanəndənin keşməkeşli və əfsanələrə dönmüş həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Seyid Mirbabayev (əsl adı Mir Tağı ) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyüb. Mədrəsə təhsili alıb. Erkən yaşlarından dini məclislərdə yaxından iştirak edib. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olub. Sonralar musiqiyə maraq göstərib, xalq məclislərində xanəndə kimi çıxış edib. Çox keçmir, məlahətli və şaqraq səsi ona şöhrət qazandırıb. Xanəndəlikdən milyonçuya gedən yolun sonunda isə Seyid Mirbayevin həyatı heç də nikbin notlarla davam etməyib.

Gecədə xanəndənin həyatı ilə bağlı Beynəlxalq Muğam Mərkəzi tərəfindən aparılan tədqiqatlar nəticəsində əldə olunan yeni faktlar təqdim olunub. Qeyd edilib ki, Seyid Mirbabayev milyonçu olduqdan sonra tək bircə dəfə böyük tarzən Mirzə Fərəcin oğlu İsmayılın 1911-ci il 19 mart tarixində keçiriklən toy məclisində oxuyub. Bu faktlar muğamsevərlər və muğam ifaçılıq məktəbimizin müasirləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Bu günə kimi heç bir səs yazısı qalmadığı iddia edilən ifaçının Beynəlxalq Muğam Mərkəzi tərəfindən Dövlət Səsyazmaları Arxivindən əldə olunan plastinkalarından xanəndənin ifası “Simayi-Şəms” və xalq mahnısı “Ay, bəri bax” səsləndirilib. Tərtib edilmiş maraqlı konsert proqramı və yeni məlumatlarla bol gecədə Əməkdar incəsənət xadimi Aqil Məlikov, yazıçı Mustafa Çəmənli çıxış edərək xanəndənin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. Vaxtilə yaşadığı binanın qarşısında(Bakının memarlıq abidələrindən biri olan 1873-cü ildə memar Pavel Şternbrqin layihəsi əsasında tikilmiş hazırkı Dövlət Neft Şirkəti) inşa edilmiş Muğam Mərkəzində düz 100 illik fasilədən sonra xanəndə-milyonçunun yenidən səslənən ifaları simvolik xarakter daşıyıb.

Gecənin maraqlı anlarından biri də xanəndəyə məxsus qavalın 100 illik fasilədən sonra səhnəyə gəlməsi olub. Azərbaycan Milli Tarix Muzeyinin fondunda qorunan qaval 1970-ci illərdə muzeyə verilib. Bu qaval ilk dəfə musiqi ictimaiyyətinə təqdim olunub. Qavalın üzərində yazıda məlum olur ki, Seyid Mirbabayev onu 1920-ci ildə , yəni mühacirət etdiyi ildə Mirzə Fərəcin oğlu İsmayıla hədiyyə edib.

Tədbirin sonunda Seyid Mirbabayevin qardaşı nəvəsi Azərbaycan Musiqi Akademiyasının dosenti Kəmalə Mirbabayeva çıxış edərək tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. Vurğulanıb ki, Seyid Mirababayev haqqında Beynəlxalq Muğam Mərkəzi tərəfindən ilk dəfə aparılan araşdırmalar bir çox mətləblərə aydınlıq gətirib.

Gecədə Əməkdar incəsənət xadimi Aqil Məlikov, gənc xanəndələr, Muğam Televiziya Müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Murad Rüstəmzadə, Xəyal Hüseynov, Rəvan Qaçayevin ifaları təqdim edilib. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” ansamblı müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə