Muzeydə “Nəsimi ideyaları günümüzün işığında” adlı seminar keçirilib - FOTOLAR
Sentyabrın 27-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi ideyaları günümüzün işığında” adlı seminar keçirilib.
SİA-nın xəbərinə görə, tədbir muzeyin elmi-kütləvi iş və təhsil şöbəsi və YAP Səbail rayon Təşkilatı “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı tərəfindən təşkil olunub. Seminarda muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev, YAP Səbail rayon təşkilatının məsləhətçisi Fariz Quliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov, muzey əməkdaşları – t.ü.e.d. Əli Fərhadov, muzeyin fond müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova, “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova, Maliyyə-İqtisad Kollecinin müəllim-tələbə heyəti, Səbail rayonu 6 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyeva iştirakçıları salamlayıb, tədbirin mahiyyəti haqqında məlumat verib, İ.Nəsiminin Azərbaycanın fikir tarixindəki rolunu yüksək qiymətləndirib. Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Nəsiminin əsərlərinin, ona həsr olunmuş tabloların qorunduğunu, mütəmadi olaraq Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinə həsr olunmuş tədbirlərin keçirildiyini qeyd edib.
Sonra YAP Səbail rayon Təşkilatı “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri, muzeyin baş mütəxəssisi Pərvanə Əzimova dövlət başçısının müvafiq Sərəncamını oxuyub.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev və təşkilatın məsləhətçisi Fariz Quliyev çıxış edərək dövlət başçısının İ.Nəsimi və digər Azərbaycan mütəfəkkirlərinin təbliğində oynadığı əhəmiyyətli rolu, bu sahəyə göstərdiyi qayğını vurğulayıblar.
Sonra məruzəçilər – BBMM-nin şöbə müdiri, f.ü.f.d. Rəşad İlyasov “Təsəvvüf metafizikası və multikulturalizm”; muzeyin böyük elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “Nəsimi irsində dinlərin və aləmin vəhdəti”; muzeyin fond müdiri, dosent Nardanə Yusifova “Nəsimi yaradıcılığına riyazi-məntiqi yanaşma” mövzularında slaydların müşayiəti ilə məruzə ilə çıxış ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib. Nümayiş olunan elektron slaydda Tarix Muzeyində qorunan Nəsimi haqqında materiallar – nişanlar, markalar, rəsm əsərləri və s. nümayiş olunub. Materiallar sırasında maraqlı olan material - Nəsiminin “Divan”ı Numizmatika Fondunun baş mütəxəssisi Zümrüd Ələsgərova tərəfindən muzeyə təhvil verilib. Bu əsər, mərhum epiqrafçı alim Əjdər Ələsgərzadənin şəxsi kitabxanasına məxsus olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB