Şəmsi Bədəlbəylinin 100 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib- FOTOSLAYD

Şəmsi Bədəlbəylinin 100 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib- FOTOSLAYD
Bu gün Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində xalq artisti, Azərbaycan rejissurasının görkəmli siması Şəmsi Bədəlbəylinin 100 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, xalq yazıçısı Anar və bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə ilk olaraq çıxış edən muzeyin direktoru Rafael Hüseynov bildirib ki, Ş. Bədəlbəyli Azərbaycanın mədəniyyət tarixində dərin iz buraxan sənətkarlardan biridir: "XX əsr milli rejissor sənətimizin sayılıb- seçilən simalarından olan Şəmsi Bədəlbəyli musiqili teatrımızın inkişaf və tərəqqisi üçün çox böyük işlər görüb. Bu gün 100 illiyini fəxarət hissi ilə qeyd etdiyimiz unudulmaz sənətkar Ş. Bədəlbəylinin həyat və yaradıcılığı, ictimai fəaliyyəti bizlər üçün örnəkdir".

Daha sonra çıxış edən Bakı Musiqi Akademiyasının "Tarix və azərbaycan musiqi nəzəriyyəsi" kafedrasının professoru Tariyel Məmmədov çıxışında qeyd edib ki, onun Azərbaycan musiqisinin inkişafı üçün gördüyü xidmətlər əvəzsizdir. T. Məhərrəmovun hazırladığı və Şəmsi Bədəlbəyliyə həsr olunan televiziya verilişləri "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) fondundan sənətkarın həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib.

Elmi konfransın davamında tanınmış incəsənət adamları öz maraqlı fikirləri ilə çıxış ediblər.

Yubiley tədbirində Azərbaycan Teatr Xadimləri İttifaqı, UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə işıq üzü görən "Ömrün səhifələri" kitabının təqdimatı da keçirilib.

Bununla yanaşı, konfransda sənətkarın həyat və yaradıcılığında əhatə edən fotolar nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə