Şairə Səadət Butanın 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib

Şairə Səadət Butanın 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib
Bu gün şairə Səadət Butanın 60 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə aşıqlar, alimlər, müğənnilər və digər ictimai-siyasi xadimlər iştirak ediblər. "Borçalı" İctimai Cəmiyyəti və "Borçalı" qəzetinin təşəbbüsü ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan filologiya elmlər namizədi Elxan Məmmədli Səadət xanımın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. O bildirib ki, Səadət Buta "Aşıq Pəri" məclisinin yaradıcılarından biri olub. 1997-ci ildə "Dağlar məni çağırır" adlı ilk kitabının çap olunduğunu deyən E.Məmmədlinin sözlərinə görə, o, 2000-ci ildən Yazıçılar İttifaqının üzvü olub.

Tədbirdə söz alan "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli söyləyib ki, Səadət Buta çağdaş Azərbaycan poeziyasında bir çox cəhətləri ilə heç kimə bənzəməyən, məhz özü olan, bu mənada söz sərraflarının öncülləri sırasında yer tutan böyük sənətkardır: "Dəyərli Səadət Buta həm də önə düşməyi bacaran Borçalı sevdalı, millətimizi və dövlətimizi bütövləşdirmək yolunda fədakarlıq etməklə də nümunədir. Bu məclisin ruhani görüntüsü Borçalıya səs salacaq. Səadət Butanın gözəlliyi 2 böyük dəyəri özündə gəzdirməkdir. Kəlağayı və Buta. Onun yazılarında nisgil var".

Zəlimxan Məmmədli çıxışının sonunda Səadət Butaya cəmiyyətin adından xüsusi hədiyyə təqdim edib.

Daha sonra isə "QafqazMedia" İctimai Birliyinin sədri, "Borçalı" və "Qafqaz Press" qəzetlərinin baş redaktoru Azadə Taleh çıxış edərək öz fikirlərini söyləyib. O deyib ki, Səadət Buta 10 şeir kitabının müəllifi olub, Azərbaycanda, Göyçədə, Gürcüstanda, Türkiyənin bir neçə şəhərində Cənubi Azərbaycanda ədəbi məclislərdə iştirak edib. Sonda A.Taleh Səadət Butanı fəxri diplomla təltif edib.

Qeyd edək ki, tədbirdə qonaqlar öz fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə