Firəngiz Əlizadə X Beynəlxalq Motsart Müsabiqəsində münsif kimi iştirak edib- FOTO

Firəngiz Əlizadə X Beynəlxalq Motsart Müsabiqəsində münsif kimi iştirak edib- FOTO

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti, professor Firəngiz Əlizadə Avstriyanın Zalsburq şəhərində təşkil olunan X Beynəlxalq Motsart Müsabiqəsində beynəlxalq münsiflər Heyətinin üzvü kimi iştirak edib. Bu barədə SİA-ya ABİ-nin mətbuat katibi İltifat Hacıxanoğlu məlumat verib.

Dahi avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın 255 illiyinə həsr edilən Zalsburqun "Mozarteum" konsert salonunda təşkil olunan müsabiqədə dünyanın müxtəlif ölkəsindən 32 yaşadək olan gənc musiqiçilər 4- violonçel, skripka, piano və bəstəkarlıq kateqoriyalarında məharətlərini göstəriblər.

"Mozarteum" Universitetinin rektoru Reynhart fon Qutzaytın rəhbərlik etdiyi münsiflər heyətində Pavel Qililov, Pol Qulda, Robert Levin, Jan Bernard Pomiye, Mariya Tipo, Fu Sonq kimi dünyanın sayılıb-seçilən musiqiçiləri yer alıb. Berlin İncəsənət Akademiyasının nümayəndəsi kimi müsabiqəyə qatılan Firəngiz Əlizadə müsabiqə iştirakçılarının sənət göstəricilərini həm bəstəkar kimi, həm də müasir musiqi ifaçılığı üzrə ekspert kimi qiymətləndirib.

Bundan başqa, Firəngiz xanımın əsəri skripkaçıların yarışmasında proqrama salınıb. Bu kateqoriyada yarışanlar ikinci turda F.Əlizadənin "Dastan" əsərini ifa ediblər.

Qeyd edək ki, pianoçuların müsabiqəsində italiyalı, 23 yaşlı Federiko Kolli 1-ci yerə layiq görülərək, "Qran-pri" diplomu ilə təltif olunub. Koreyalı Çi Xe Çun 2-ci yerə, çinli Ksi O Şi Vu isə 3-cü yerə layiq görülüblər. Yubiley müsabiqəsinin təşkilat komitəsi qaliblər üçün dünya turnesini təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə