Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Uşaq bayramı” keçirilib- FOTO

Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Uşaq bayramı” keçirilib- FOTO
Bu gün "Uşaqların kino bayramı" münasibəti ilə Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Uşaq bayramı" keçirilib. SİA-nın məlumatına görə, tədbir uşaq evləri, məcburi köçkünlər üçün məktəblər, Bakının ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil olunub.

Tədbirdə ilk olaraq Suraxanı rayon 3 saylı Uşaq İncəsənət məktəbinin rəqs ansamblının çıxışı ilə başlayıb. Daha sonra Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları öz maraqlı hərəkətləri ilə uşaqları əyləndiriblər.

Uşaqlara əvvəlcə musiqili əyləncə proqram, daha sonra isə "İt sərgisi", "Tırtıl", "Cəsur təyyarə" cizgi filmlərinin təqdimatı, onların yaradıcıları ilə görüş və maraqlı hədiyyələr təqdim olunub.

Bayramda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov vurğulayıb ki, çox şadıq ki, bugünku bayramda uşaqlarımızı sevindirə bilirik: "Belə bayramların keçirilməsini nazirlik mütəmadi olaraq təşkil etməyi nəzərdə tutub. Hətta bir çox uşaq evlərində də belə tədbirlər həyata keçirmişik. Ou da qeyd edim ki, hazırda Azərbaycanda uşaq kinosuna diqqət daha da artır. 3D formatında çəkilən yeni "İt sərgisi", "Tırtıl", "Cəsur təyyarə" cizgi filmlərinin təqdimatı da məhz bu gün olacaq. Bu animasiyalarda milli adət- ənənələrimiz təbliğ olunur".

Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən uşaq cizgi filmləri üçün ssenari müsabiqəsinin qalibləri də diplomlarla mükafatlandırılıb. Belə ki, I yer "Balaca ev", müəllif Lalə Abbasova, II yer "Hər işdə bir xeyir var", müəllif Pərviz Məmmədov və "Bağa qınını bəyənmədi", müəllif Elçin Musaoğlu, III yer isə "Özgəyə quyu qazan, özü düşər", müəllif Vüqar Haqverdiyev və "Əsil insan", müəllif Ayna Qənbərova mükafatlandırılıb.

Onu da qeyd edək ki, bu müsabiqədə I yeri qazanan müəllifin ssenarisi 2011-ci ildə dövlət sifarişi ilə istehsalata buraxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə