Nəriman Həsənzadə: “İnsanın yaşının üstünə yaş gəldikcə daha da müdrikləşir”- MÜSAHİBƏ

Nəriman Həsənzadə: “İnsanın yaşının üstünə yaş gəldikcə daha da müdrikləşir”- MÜSAHİBƏ

Bu gün xalq şairi Nəriman Həsənzadənin 80 yaşı tamam olur. Bu münasibətlə şair SİA-ya eksklüziv müsahibə verib:

- Özünüzü bu yaşda necə hiss edirsiniz?

- Bu gün 80 yaşım olur. İnsan qocaldıqca heç doğum gününü belə qeyd etmək istəmir. Mən həmişə deyirəm ki, ürək mənim, ancaq yaş mənim deyil. Niyəsini soruşanda isə deyirəm ki, ürəyi özümlə gətirmişəm. Lakin yaşı gətirməmişəm. Onu mənə bu dünyada veriblər. Bu həyatda çox mürəkkəb şeylər var.

- Ancaq onu da deyək ki, zahirən çox cavan görünürsünüz. Siz özünüzə neçə yaş verərdiniz?

- Hesab edirəm ki, yaş nisbidir. Yenə də deyirəm ki, ürək mənimdir, ancaq yaş yox. Qəlbimdə yaş məsələsi olmayanda çox yaxşı idim. Düşünürəm ki, qadınlara yaş ümumiyyətlə, qadağan olunmalıdır. Qadının yaşı yazılmamalıdır. Qadın hər zaman özünə fikir verir, kiminsə xoşuna gəlmək üçün çalışır. Qadın gözəllik obyektidir.

- Allahın sevimli bəndəsi ola bilmisinizmi?

- Hərdən deyirlər ki, biz allahın quluyuq. Maraqlıdır ki, Allahın yaratdığı bəndə qul ola bilərmi? Əgər məni Allah yaradıbsa, deməli, mən nur, işığam, onun ən sevimli bəndəsiyəm.

İnsan nədir adi bəşər,

Dünya nədir, xeyir və şər,

Gördüm, insan dahiləşər,

Haqqı tapar haqq yanında

- Şeirinizdə olduğu kimi "Bu boyda zarafat?"...

- Bu boyda zarafat da olarmış. Yaşdı da, necə deyərlər yaş da namərddir. Hər yaşın öz mənası və gözəlliyi var. Bu da bir təsəllidir. İnsanın yaşının üstünə yaş gəldikcə daha da müdrikləşir.

- Doğum gününüzdə gözlədiyiniz xüsusi hədiyyə varmı?

- Dövlət tərəfindən verilən fəxri adların demək olar ki, çoxuna layiq görülmüşəm. Yalnız "İstiqlal" ordeni qalıb ki, onu da versələr yaxşı olardı. (gülür...)

- Deməli, gözlədiyiniz ən böyük hədiyyə budur?

- "İstiqlal" ordenini almağı özümə layiq hesab edirəm. Mən indiyə qədər öz xalqımın tarixini və taleyini yazmışam və yazacam da. Məndə hər zaman tarixi mövzu alınır.

- Çox vaxt səbəbkara hədiyyə verirlər, bəs sizi sevərlərə nə hədiyyə verəcəksiniz?

- Mən sevərlərimə 7 cildlik kitabımı hədiyyə edəcəm. "İllər, pillələr, talelər" kitabımı hədiyyə edəcəm. İkinci kitabım Mir Cəlal haqqında hələ heç harda deyilməyən fikirlərlə olacaq.

Sonda şair bildirib ki, bu günü sırf yaxınları və ailəsi ilə birlikdə keçirəcək. Ancaq bununla yanaşı, dövlət tərəfindən növbəti günlərdə təntənəli yubiley tədbirləri də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə