Beynəlxalq Muğam Mərkəzində “Əlavə təsir” bədii filminə ilk baxış keçirilib- FOTO

Beynəlxalq Muğam Mərkəzində “Əlavə təsir” bədii filminə ilk baxış keçirilib- FOTO
Bu gün Beynəlxalq Muğam Mərkəzində "Əlavə təsir" bədii filminə ilk baxış keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, xalq artisti Fuad Poladov, Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov, Eyyub Yaqubov və bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

İlk olaraq çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi 18 gənc rejissor və ssenaristlə əməkdaşlıq edir: "Hər zaman nazirlik olaraq çalışmışıq ki, istedadlı gəncləri aşkara çıxaraq. Onu da qeyd edim ki, martın 4-də Rövşən İsaqın filmi, martın ortalarında isə İlqar Nəcəfovun "Buta" ekran əsəri nümayiş olunacaq".

Daha sonra isə filmin quruluşçu rejissoru Elxan Cəfərov bildirib ki, film ölkəmizdə daxili sabitliyi təmin edən, ictimai asayişi qoruyan, vətəndaşların təhlükəsizliyi keşiyində dayanan Azərbaycan polisinin fəaliyyətinə həsr olunub: "11 aydır ki, filmin bütün yaradıcı heyəti məhz bu günü gözləyirdi. Nəhayət ki, gözlədiyimiz gün gəlib çatdı. Hər zaman uşaqlıqda hər hansı bir filmin premyerasına gedəndə deyirdim ki, tez danışıb qurtarsınlar ki, filmə tamaşa edək. Ona görə də çox danışmaq fikrim yoxdur. Bu filmin ərsəyə gəlməsində göstərdikləri köməyə görə, Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürümü bildirirəm".

Filmin bəstəkarı Aygün Səmədzadə edib deyib ki, hər bir yaradıcı işin uğuru onun peşəkar və səmimi rəhbərindən asılıdır: "Hesab edirəm ki, filmdə maraqlı bir rejissor işi var. Onu da qeyd edim ki, bu film mənim yaradıcılığımda ilk işdir".

A. Səmədzadənin çıxışından sonra film nümayiş olunub.

Bədii filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, quruluşçu-operatoru Nadir Mehdiyev, quruluşçu-rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadə, səs operatoru Bəkir Bəkirzadə, montajçı Elşad Rəhimov, icraçı prodüsseri isə Aydın Hacıyevdir.

Rollarda: Əbdülqəni Əliyev, Kənan Mahmudov, Elxan Qasımov, Əbdül Mahmudov, Atabala Səfərov, Şamil Süleymanov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqaları çəkiliblər.

Məlumat üçün bildirək ki, bədii film dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında rejissor Elxan Cəfərov tərəfində çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə