Mənsum İbrahimov: “Məqsədimiz yaxşıların yaxşısını seçməkdir”- AÇIQLAMA

Mənsum İbrahimov: “Məqsədimiz yaxşıların yaxşısını seçməkdir”- AÇIQLAMA
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət kanalının açılmasının ardınca Muğam televiziya müsabiqəsi start götürüb. Bu barədə SİA-ya açıqlamasında müsabiqənin münsiflər heyətinin üzvü, xalq artisti Mənsum İbrahimov bildirib.

O vurğulayıb ki, müsabiqə yeni açılan "Mədəniyyət" kanalı və AzTV vasitəsilə canlı yayımlanıb: "İlk efir günü seçim turları zamanı müəyyənləşən 20 iştirakçıdan yalnız 10-u çıxış edib. Hər zaman olduğu kimi də onların ifasını peşəkar sənətkarlardan ibarət münsiflər heyəti qiymətləndirib". Onu da bildirək ki, müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Jüriyə Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir.

"Qalan 10 iştirakçı fevralın 17-də öz ifasını təqdim edəcək. Bundan sonra 20 iştirakçının ümumi balları hesablanacaq. Ən az bal toplayan ifaçı müsabiqəni tərk edəcək. Seçimlər isə bu dəfə də yalnız münsiflər heyətinin qərarı ilə aparılacaq. Təxmini olaraq may ayında müsabiqənin qalibi məlum olacaq. Bizim məqsədimiz yaxşıların yaxşısını seçməkdir", - deyə münsiflər heyətinin üzvü M. İbrahimov əlavə edib.

M. İbrahimov həmçinin bildirib ki, müsabiqə hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 21.00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək və "Mədəniyyət" kanalı ilə yanaşı AzTV-də də canlı yayımlanacaq.

Məlumat üçün bildirək ki, müsabiqə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.

Qeyd edək ki, Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. İkinci dəfə 2007-ci ildə təşkil olunan müsabiqənin qalibləri isə Elməddin İbrahimov və Güllü Muradova olub.

Bütün xəbərlər Facebook səhifəmizdə