Bu gün Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalının açılış mərasimi keçirilib - TƏDBİR
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycanda yeni "Mədəniyyət" kanalının fəaliyyətə başlaması münasibətilə mərasim keçirilib. SİA-nın verdiyi məlumata görə, dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, tanınmış alimlərin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimin əvvəlində Azərbaycanın dövlət himni səslənib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvi Nizami Cəfərov, Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Mədəniyyət" kanalının yaranmasında göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, bu hadisəni dövlətimizin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğı kimi səciyyələndiriblər. Belə bir əminlik ifadə edilib ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında fəaliyyət göstərəcək yeni kanalın verilişləri rəngarəng və zəngin olacaq, milli mədəniyyətimizin inkişafı və təbliğində mühüm rol oynayacaq.
Çıxış edənlər xüsusi vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü əvəzsiz işlər uğurla davam etdirilir. Son illər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin təbliği sahəsində çoxsaylı layihələr həyata keçirilib.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda mədəniyyətimizin, incəsənətimizin ən yaxşı nümunələrinin yaşadılması, bunun əsasında yeni nəslin tərbiyəsi, dünyada yayılması və beləliklə, millətimizin tanıdılması siyasəti həyata keçirilir. Bu siyasətin əsasını qoyan ümummilli liderimiz Heydər Əliyev həmişə deyirdi ki, millətin mədəniyyətini qorumaq təkcə mədəniyyət xadimlərinin, təkcə bu sahədə işləyən insanların, ziyalıların işi deyil, eyni zamanda, dövlət rəsmilərinin, bütün dövlət strukturlarının, qurumlarının vəzifəsidir. Mədəniyyət millətin vizit kartıdır. Əgər bir millətin mədəniyyəti yoxdursa, onun mədəniyyəti bu və ya digər proseslərin təsiri altında məhvə məruz qalırsa, o millətin gələcəyindən söhbət gedə bilməz.
Bu, kanalın iki əsas vəzifəsi olacaqdır. Birincisi, ən gözəl mədəniyyət nümunələrini vətəndaşlarımıza və dünyada yaşayan soydaşlarımıza çatdırmaq, ikincisi isə ölkəmizin mədəniyyət nümunələrinin salnaməsini yaradaraq, gələcək nəsillərə ötürməkdən ibarətdir.
Natiqlər qarşıda çox ciddi və məsuliyyətli bir iş gözləyən "Mədəniyyət" kanalının kollektivinə uğurlar arzulayıblar. Xatırladaq ki, Azərbaycanın yeni televiziya kanalına Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev rəhbərlik edəcək.
Qeyd edək ki, "Mədəniyyət" kanalı gündüz saat 12.00-dan gecə 02.00-a qədər fəaliyyət göstərəcək. Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə Azərbaycanda ixtisaslaşdırılmış televiziya kanalının açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə ötən il avqustun 4-dən sentyabrın 4-dək elan edilib. Lakin müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə Şuranın qərarına əsasən müsabiqə baş tutmamış hesab edilib.
MTRŞ-nın sentyabrın 6-da verdiyi qərara əsasən, "Televiziya və radio yayımı haqqında" qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraq "Mədəniyyət" televiziya kanalının açılması üçün sentyabrın 7-dən oktyabrın 7-dək müsabiqə elan edilib. Müsabiqədə yalnız bir iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti iştirak edib. Şura "Televiziya və radio yayımı haqqında" qanunun 15.5-ci və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.10-cu bəndinin tələblərini rəhbər tutaraq AzTV-ni müsabiqənin qalibi elan edib.
Sonra 3-cü televiziya muğam müsabiqəsi başlanıb. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə 20 nəfər gənc ifaçı iştirak edir. Müsabiqənin gedişi "Mədəniyyət" kanalı ilə canlı yayımlanacaq, ifaçıların çıxışları ustad sənətkarların və mütəxəssislərin daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB