"Mədəniyyətimizə sahib çıxmasaq, bizi məğlub etmək istəyənlər arzularına çatarlar" - Bilal Ərdoğan

"Mədəniyyətimizə sahib çıxmasaq, bizi məğlub etmək istəyənlər arzularına çatarlar" - Bilal Ərdoğan

Xəbər verdiyimiz kimi, Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib. SİA-nın məlumatına görə, iyulun 28-dək davam edəcək festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), "Cavadxan" Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.

Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.

Festivalda çıxış edən Bilal Ərdoğan qeyd edib ki, mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik: "Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar. Dünya Etnoidman Konfederasiyası olaraq, bu mesajı sadəcə türk dünyasında deyil, dünyanın hər bir yerində veririk. Hər bir xalq, millət öz milli idman növlərini yaşatmaq haqqına sahibdir. Bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir. İnşallah konfederasiyamız həm Azərbaycanda milli idman növlərinin inkişafına dəstək göstərər, həm də Azərbaycan ictimaiyyətinin bu məsələyə marağını çəkməsinə vəsilə olar. Biz Dünya Etnoidman Konfederasiyası olaraq, Azərbaycan milli idman növləri sahəsində çalışan bütün qurumlarla çox yaxından əməkdaşlıq etmək istəyirik. Bugünkü gün bu baxımdan xoş bir başlanğıc olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə