"Bu layihə istedadlı insanların tanınmasına səbəb olacaq" - MÜSAHİBƏ

"Bu layihə istedadlı insanların tanınmasına səbəb olacaq" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi bu gündən Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən “Küçə sənətçiləri” layihəsinin icrasına başlanılır. Layihə barədə Mərkəzin direktoru Rüfət Bağırovla söhbətləşdik. SİA eksklüziv müsahibəni oxuculara təqdim edir:

- Ölkəmizdə maraq doğuracağı gözlənilən "Küçə sənətçiləri” layihəsinin icrasına başlanılır. Bu layihə bir çox ölkələrdə var. Necə oldu ki, paytaxtımızda da bu layihənin keçirilməsinə qərar verildi?

- Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” layihəsinin həm turistlər, həm də əhali arasında maraq doğuracağını düşünür. Bizim hər birimiz həm də turistik. Əcnəbi ölkələrdə olarkən küçə sənətçilərinə çox rast gəlirik və olduqca maraqlı, istedadlı insanların bu vasitə ilə tanındığının da şahidiyik. Onu da deyim ki, öz ölkəmizdə də çox istedadlı küçə sənətçiləri var. Bu layihə istedadlı insanların üzə çıxarılmasında gözəl bir vasitədir.

- Məlumatda bildirilir ki, paytaxtımızın 3 yerində - Dənizkənarı Milli Parkda, “İçərişəhər”də və Nizami küçəsində küçə sənətçilərinin fəaliyyəti üçün imkan yaradılacaq. Yəqin ki, bu layihədən xəbərdar olan istedadlı insanalr bundan sonra sizə daha çox müraciət edəcəklər...

- İstedadına güvənən hər bir insan yaşından asıllı olmayaraq bizə müraciət edib kastinqdən keçməlidir. Bir sənəti yalnız 1 nəfər təmsil etməlidir. Əgər bir sənəti təmsil edən çox sayda olarsa ona maraq da olmaz. Küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün yayda açıq, qışda isə qapalı məkanlar nəzərdə tutulur.

- Bəs küçə sənətçilərinin vergiyə cəlb olunması ilə bağlı nə deyə bilərsiniz?

-Turistin onlara verəcəyi ödəniş bəxşiş sayılır və buna görə də küçə sənətçiləri heç bir vergiyə cəlb olunmayacaq. Onlar vergidən azaddır. Bu layihənin Bakıda maraqla qarşılanacağına şübhə etmirik. Çünki dünyanın hər yerində belə insanlara xüsusi diqqət və maraq oyanır. Düşünürəm ki, ölkəmizə gələn turistər üçün bu layihə maraqla qarşılanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə