Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında respublikanın əməkdar artisti Təvəkkül Əliyevin anadan olmasının 60 illik yubileyi keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, yubilyarın sənət dostları iştirak ediblər.
Mərasim aktyorun sənət fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başlanıb. Daha sonra teatrın direktoru İslam Həsənov çıxış edərək yubilyarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. İ.Həsənov bildirib ki, Təvəkkül Əliyev 1973-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Onun bu teatrda oynadığı ilk rolu M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub.
Sonralar T.Əliyev N.Xəzrinin "Sən yanmasan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Hikmətin "Bayramın birinci günü", M.İbrahimovun "Kəndçi qızı", V.Şekspirin "Qış nağılı", A.P.Çexovun "Yubiley", M.Musiyenkonun "Nəsillər, eşidin!", H.Cavidin "Topal Teymur", S.Vurğunun "Fərhad və Şirin" əsərlərində, müxtəlif filmlərdə və onlarla digər tamaşalarda yaratdığı obrazlar öz kamilliyi, fərdiliyi ilə yadda qalıb.
Ömrünün 38 ilini teatra həsr etmiş Təvəkkül Əliyevin səhnədə oynadığı saysız-hesabsız rollarla, quruluş verdiyi tamaşalarla Azərbaycanın teatr sənətinə də özünəməxsus yer tutduğunu diqqətə çatdıran İ.Həsənov teatr sənətinin inkişafındakı xidmətlərinə görə, onun 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri ada layiq görüldüyünü önə çəkib.
Qeyd edək ki, T.Əliyev həm də Prezident mükafatçısı olub. Tədbirdə istedadlı aktyorun iştirak etdiyi tamaşalardan parçalar oynanılıb. Təvəkkül Əliyev ona göstərilən diqqət və qayğıya görə hamıya öz minnətdarlığını bildirib .
Bütün xəbərlər Facebook səhifəmizdə