Dünya mədəniyyətinin incisi - Şəki Xan Sarayı ŞƏRH

Dünya mədəniyyətinin incisi - Şəki Xan Sarayı ŞƏRH

Prezident İlham Əliyev: "Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır"

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. YUNESKO irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə, əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyub. 200-ə yaxın dövlətin üzv olduğu YUNESKO-nın üzvləri sırasında Azərbaycanın da adı və yeri var.

Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir.

YUNESKO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli mədəniyyət nümunəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, dolma hazırlama və paylaşma ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin, Çovqan - ənənəvi Qarabağ atüstü oyunu və "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri"nin isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer almışdır.

Bu günlərdə isə Şəki Xan Sarayı və şəhərin tarixi hissəsi Ümumdünya İrs Siyahısına salındı. Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında müzakirəyə çıxarılan növbəti nominasiya Azərbaycanın təqdimatı - Şəki Xan Sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələsi olub. 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında Azərbaycan tərəfindən təqdim edilən nominasiya müzakirə olunmuş və Azərbaycan tərəfinə ərazinin konservasiya və qorunma mexanizmlərinin yaxşılaşdırılması, monitorinq sisteminin inkişaf etdirməsi və digər məsələlərlə bağlı tövsiyələr verilmişdi. Nominasiya ilə bağlı ICOMOS-un (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) hesabatı dinlənilib və Şəkinin tarixi, Xan Sarayında aparılmış son bərpa işləri barədə məlumat verilib. Şəhərin tarixinin iki min ilə yaxın olduğu, qədim məhəllələrin 1790-cı ildə salındığı qeyd edilib.

"AZƏRBAYCANIN ƏN QƏDİM ŞƏHƏRLƏRİNDƏN OLAN ŞƏKİNİN TARİXİ HİSSƏSİ YÜZİLLƏR BOYU ÖLKƏMİZİN MƏDƏNİYYƏT MƏRKƏZLƏRİNDƏN BİRİ KİMİ TANINMIŞDIR"

Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Ölkəmizin mədəni irsi çox əlamətdar olan bu hadisə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin olan Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır. Dövlət başçısı son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyini bildirir: "Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən, dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, "İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin, xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır. Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur".

Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələri və mədəniyyət nümunələridir. Belə dəyərləri özündə ehtiva edən xalq qapısını dünyaya açır və sivilizasiyaların qovuşduğu məkan olaraq, təbliğ etdiyi zəngin irsi ilə kimliyi və tarixi haqqında geniş təsəvvür yaradır.

Göründüyü kimi, bu gün Azərbaycan müasir həyatımızda dünyaya inteqrasiya etdiyi bir zamanda, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz diqqətə çəkilir, ona dövlət tərəfindən xüsusi diqqət və qayğı ayrılır. Bu münasibət Azərbaycanın dünyada imicinin daha da yüksəlməsinə təsirini göstərməkdədir. Mehriban xanım Əliyevanın səyləri sayəsində, bu istiqamətdə görülən işlər Azərbaycanın tarixi, onun minilliklərin kəsiyində yaşanılan reallıqları və inkişaf prosesi daha da geniş coğrafi məkanda vüsət almaqdadır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə