"Belə tədbirlər ölkələrə bir-birinin mədəniyyəti ilə tanış olmaq imkanı yaradır" - MÜNASİBƏT

"Belə tədbirlər ölkələrə bir-birinin mədəniyyəti ilə tanış olmaq imkanı yaradır" - MÜNASİBƏT

“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir”. SİA-nın məlumatına görə, bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

O bildirib ki, Azərbaycan ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirərək bu prosesə mühüm töhfələr verir: "UNESKO-nun bu tədbiri ümumbəşəri dəyərə malik tarixi və mədəni abidələrin Dünya İrs Siyahısına salınması üçün müzakirələr aparmaq baxımından əhəmiyyətlidir. Dünyanın müxtəlif ölkələrindən 2500-dən çox nümayəndənin iştirakı və tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın bu işə töhfəsini göstərir".

Millət vəkili qeyd edib ki, Azərbaycan-UNESKO əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan dövlətinin bu əlaqələrə böyük önəm verdiyini deyən Sona Əliyevanın sözlərinə görə, respublikamızın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında xüsusi rolu var. Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu söyləyən deputat bir çox tarixi-mədəni abidələrimizin UNESKO-nun mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Millət vəkili əlavə edib ki, etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və ölkənimdə müxtəlif xalqlara məxsus dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşılır: “Bu fakt bütün dünya tərəfindən, o cümlədən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən mötəbər qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın multikultural sahədə təcrübəsini digər dövlətlər də öyrənməlidir. Belə mədəniyyət tədbirləri ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Bütün bunlar ölkəmizin belə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu bir daha təsdiqləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə