Azərbaycan və Yaponiya arasında mədəniyyət sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib
İyulun 5-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev ilə Yaponiyanın Şizuoka prefekturasının qubernatoru Heita Kavakatsunun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
SİA xəbər verir ki, görüşdə Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti, mədəni irsimizin beynəlxalq arenada təbliğindən danışıb. Ölkəmizin mədəni zənginliklərindən söhbət açan nazir dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
Nazir Yaponiya nümayəndə heyətinin UNESKO-nun bu mötəbər tədbirində fəal iştirakına görə qonağa təşəkkürünü bildirib və iki ölkə arasındakı mədəniyyət sahəsində mövcud münasibətlərə toxunub. Görüşdə qarşılıqlı mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Heita Kavakatsu Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq ölkəmizə səfər çərçivəsində bir sıra tarixi məkanlara, o cümlədən Qobustan qoruğuna səfər etdiklərini diqqətə çatdırıb. Qonaq Azərbaycanın mədəni irs nümunələrinin onlarda dərin təəssürat oyatdığını söyləyib.
Görüşdə hər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün imkanların mövcud olduğu qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB