Musiqi sənətinin ustadlarından olan, istedadlı sənət və qələm adamı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor Babək Osman oğlu Qurbanovun bu dünyadakı missiyası bir müəllim, pedaqoq kimi öyrətmək, öz ardıcıllarını yetişdirmək, amalı, qayəsi fəaliyyəti və yaradıcılığı ilə xalqına, türk dünyasına xidmət etmək idi.
Azərbaycanın ünlü şairi Osman Sarıvəllinin varisi Babəki amansız və zalım bir xəstəlik bu yazın ilk günlərində həyatdan aldı, doğmalarından, dostlarından, yaxınlarından ayrı saldı.
Prof. Dr. Babək Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda görkəmli şair Osman Sarıvəllinin ailəsində dünyaya gəlib. Musiqi təmayüllü orta məktəbdə kiçik yaşlarından kamança və fortopiano ixtisaslarından dərs alan Babək Qurbanov daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (Azərbaycan Dövlət Musiqi Akademiyası) musiqi nəzəriyyəsi fakültəsində təhsil alıb və 1962-ci ildə bu ali məktəbi uğurla bitirib. Tələbəlik illərində bəstəkarlıq dərsləri də alan Babək Qurbanov Avropa, Rus və Azərbaycan musiqisinin bütün incəliklərini öyrənə bilib. Müəllimlərinin sevimli tələbəsi kimi tanınıb. 1967-ci ildə “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və alimlik dərəcəsi alıb. 1981-ci ildə keçmiş Sovetlər Birliyinin Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun nəzdindəki Elmi Şurada “Proqramlı musiqinin estetik prinsipləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Məşhur elm xadimləri Akademik V.V.Vanslov, Prof. Dr. A.Y.Zis, Prof. Dr. E.G.Yakovlevlə yanaşı görkəmli musiqişünaslar Prof. Dr. Y.İ.Milşteyn, Prof. Dr.Y.Çernaya və başqaları Babək Qurbanovun doktorluq işini yüksək qiymətləndiriblər.
Prof. Dr. Babək Qurbanov Azərbaycanda ilk dəfə musiqi elmini estetika, sosiologiya ilə sıx uzlaşdırıb və bu sahədə çoxsaylı monoqrafiya və elmi məqalələrin müəllifidir. Babək Qurbanovun “Mənəvi saflıq dünyası”, “Estetikaya səyahət”, “Kütləvi mədəniyyətin tənqidi”, “İncəsənətin sosial fəallığı”, “Musiqi-estetik tərbiyənin problemləri”, “Azərbaycan incəsənətinin bədii-estetik problemləri”, “Azərbaycan incəsənəti xaricdə”, “Proqramlı musiqinin estetik problemləri”, “Televiziya teatrı” və s. kitabları mühüm elmi araşdırmaların nəticələri kimi dəyərləndirilir. Babək Qurbanov 1981-1989-cu illərdə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda Estetika və etika sektorunun müdiri, 1989-1992-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəlsəfə və mədəniyyət tarixi kafedrasının müdiri vəzifələrində çalışıb.
1992-ci ilin payızında Türkiyənin Atatürk Universitetinə dəvət alan Prof. Dr. Babək Qurbanov 2008-ci ilin dekabr ayına qədər bu ali məktəbdə professor, kafedra müdiri olub və etika, estetika, fəlsəfə, türk düşüncə tarixi, musiqi nəzəriyyəsi, musiqi estetikası, sənət fəlsəfəsi, hormoniya və digər fənləri tədris edib. O, ömrünün son illərində Qaziantep Türk Musiqisi Dövlət Konservatoriyasında kafedra müdiri kimi çalışıb. Bu illər ərzində Sənət Fəlsəfəsi, Musiqi və Sənət Tədrisinin Aktual Problemləri ilə əlaqəli apardığı araşdırmalarını davamlı olaraq beynəlxalq konfranslarda, simpoziumlarda (Moskva, Peterburq, Tiflis, Bakı, Kiyev, Daşkənd, Tallin, Vilnüs, Varna, Stokholm, Ankara, Bursa, Konya, Van, Ərzurum və s.) diqqətə çatdırıb, mühazirələr oxuyub. Eyni zamanda dəvət aldığı ölkələrin elmi-kütləvi dərgilərində məqalələri dərc edilib.
Tanınmış elm və sənət adamı, Prof. Dr. Babək Qurbanov Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə və estetika məsələlərinə, məşhur elm adamlarına üç yüzdən artıq elmi və elmi-publisistik məqalə həsr edib. Onun “Üzeyir Hacıbəyovun estetik baxışları”, “Vaqif və Xarici mətbuat”, “Avestadan günümüzə kimi”, “Bədii həqiqət axtarışında”, “Nəriman Nərimanov və teatr” və s. məqalələri müəllifin yaradıcılıq axtarışlarının əhatəsinin genişliyindən xəbər verir.
Prof. Dr. Babək Qurbanovun rəhbərliyi ilə ölkəmizdə, eləcə də Rusiya, Gürcüstan və Türkiyədə on üç nəfər sənətşünaslıq və ya fəlsəfə üzrə namizədlik dissertasiyası (fəlsəfə doktoru) müdafiə edib. O, eyni zamanda Azərbaycan və Türkiyədə 24 doktorluq və bir çox namizədlik dissertasiyası işinin opponenti, yaxud elmi məsləhətçisi olub. Görkəmli alim tərcümə sahəsində də yüksək peşəkarlıqla fəaliyyət göstərib. Babək Qurbanov A.Zisinin “Estetikada konfrontasiyalar” adlı fundamental monoqrafiyasını, Q.Puqaçenkovanın “Orta Asiyanın şah əsərləri: rəsm və miniatür” kitabını dilimizə tərcümə edib. Eyni zamanda R.Əfəndiyev və T.Əfəndiyevanın “XIX və XX əsrin əvvəllərində Azərbaycan sənəti”, M.Səmədin “Dünya dahilərsiz yaşayamaz (Lütfüzadə haqqında)” əsərlərini türkçəyə uyğunlaşdırıb.
Pedaqoq-alimin gördüyü işlər, həyat və fəaliyyəti, yaradıcılığı xalqımıza, onun musiqi irsinə, ədəbiyyatına olan dərin məhəbbətini təsdiqləyirdi. Türkiyənin “Orkestro” dərgisində Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Ələsgərov, Arif Məlikov, Tofiq Bakıxanov, Vasif Adıgözəlov, Azər Rzayev, Ramiz Mirişli, opera müğənnisi Lütfiyar İmanov, rəssam Mikayıl Abdullayev və başqaları haqqında dərc etdirdiyi yazılar musiqi mədəniyyətimizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan ədəbiyyatının vurğunu olan alimin N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, S.Vurğun və başqaları haqqında yazıları Türkiyədə böyük maraqla qarşılanıb.
Türkiyəli həmkarları Babək Qurbanovu musiqinin, sənətin, ədəbiyyatın sevdalısı, heyranı, məftunu kimi tanıyırdı, vətənpərvər və sözün hər mənasında böyük ziyalı kimi qəbul edirdi.
Babək Qurbanov 90-cı illərdən Türkiyədə yaşayıb yaradan və dünyanın məşhur opera rejissorlarından biri olan Prof. Dr. Əflatun Nemətzadənin “Opera sənəti” kitabına çoxəhatəli giriş sözü yazmış usta düşüncə və fikir adamıydı. Bu məşhur opera rejissorunun Ali Attestasiya Komissiyasının xahiş və tələbi səbəbilə yazmış olduğu “Aktyorluq sənəti təhsili” dərsliyi haqqında elm adamı kimi giriş sözündə belə bir kitabın Türkiyədə ilk dəfə yazıldığını iftixarla təhlil etmiş, bu nəşr haqqında fikir və düşüncələrini açıqlamışdır.
Dünya çapında musiqi-estetikası üzrə bir elm adamı kimi dəyər verilən Prof. Dr. Babək Qurbanovun 2018-ci ildə Türkiyədə nəşr edilən “Manevi kültürümüzdə önəmli yeri olan şahsiyet” kitabının müəllifin yaradıcılığında çox əhəmiyyətli yer tutduğunu bu yazıda xüsusi qeyd etmək istəyirəm. Kitab Azərbaycan və Türk dünyasından olan çox dəyərli sənət adamlarının musiqi, opera, teatr, ədəbiyyat və sənət estetikası haqqında yazılarla süslənmiş yazar-rejissor Əflatun Nemətzadənin sənət həyatının əksini tapdığı bioqrafik əsərdir.
Ə.Nemətzadənin Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan (RF), Rusiya, Polşa, Yəmən, Fransa və Türkiyədə opera və teatr sənəti sahəsində apardığı elmi çalışmaları; beynəlxalq aləmdə tanınmış ustad rejissor kimi səhnələşdirdiyi, qeyri-adi və fərqli baxışdan quruluş verdiyi əsərləri, xüsusilə Türkiyədəki sənətsevərləri opera sənətilə heyran qoyduğunu bu kitabla tanışlıqdan öyrənə biləcəksiniz. Bu keyfiyyətdə monoqrafiyanı məslək və amalını sənət, opera və teatr sahəsində Türkiyədə ilk dəfə yazmış olduğu tədris kitablarıyla zənginləşdirən opera və teatr rejissorunun sənət həyatını onun özü qədər dərindən bilən musiqişünas Babək Qurbanov yaza bilərdi.
Və Babək müəllimin bu kitabını oxuyub mahiyyətinə varandan sonra belə bir qəti qənaətə gəlmək mümkün olur: Mədəniyyət və sənət xalqların coğrafi varlıq və mövcudluğunun davamlılığı üçün ən azından müstəqilliyi və azadlığı qədər əhəmiyyətlidir. Bir millətin yaşadığı torpaqlarda yaratdığı sənət nümunələri, folklor və ənənə onu tarixin axışı içərisində sabahlara daşıyacaqdır. Sənətə və sənətçiyə sahib çıxan, sənət öyrədən və hətta sənət ixrac edən millətlər sadəcə yaşadıqları coğrafiyaya deyil, tarixin yaddaşına silinməz, unudulmaz səhifələr yazırlar. Başda dünya intibahının şeir dühası Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mövlana Cəlaləddin Rumi, Orta çağ şeirinin tacı Məhəmməd Füzuli və daha neçə türk yazar və aydınları, sənətçiləri, tarix boyunca çox böyük bir coğrafiyada elmi-mədəni irsin müəllifi olmuşdur.
Estetika və sənət tarixində elə sənət adamları vardır ki, onlar öz fəaliyyətləri dövründə qarşılaşdıqları estetik problemlərə aid nəzəri fikir və düşüncələrini də əsərlərində ifadə etməyə çalışırlar. Təsadüfi deyil ki, bu qəbildən olan yaradıcı insanlar sənət tarixində yerlərini almaqla yanaşı, öz xalqının estetik fikir tarixinə də daxil olur. Leonardo da Vinçi, Berlioz, Şuman, Çaykovski, L.N.Tolstoy, Konstantin Stanislavski və başqalarının sənətə, teatra, musiqiyə, bu sırada opera və balet musiqisinə aid onlarca məqalə və kitablarını xatırlatmağın faydası olduğunu oxucunun diqqətinə çatdıran prof. Dr. Babək Qurbanov yazır ki, Azərbaycanda da bu qəbildən olan bir çox sənət adamlarının adlarını hörmətlə yad etmək mümkündür. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ölkəmizdə və xaricdə məşhur olan əsərləri ilə birlikdə musiqi nəzəriyyəsi və xalq musiqisinin əsasları ilə bağlı məqalə və kitabları musiqişünasların masaüstü kitabı olmuşdur. “Azərbaycan xalq musiqisinin əsasları” adlı təməl əsəri isə bir çox xarici dillərə tərcümə edilmiş və böyük maraqla qarşılanmışdır. XX yüzillik görkəmli şairlərindən sayılan Səməd Vurğunun sənətə, özəlliklə də şeir sənətinə aid nəzəri fikirləri realizm və romantizm cərəyanları ilə bağlı məqalələri mütəxəssislər tərəfindən yüksək dəyərləndirilməkdədir. Digər tanınmış sənət adamımız prof. Dr. Mehdi Məmmədov isə ünlü teatr rejissoru, aktyor olmaqla birlikdə, teatr sənətinin keçdiyi yollar və inkişaf prespektivlərini işıqlandıran əsərləri ilə də ad-san qazanmışdır. Mehdi Məmmədovun “Azərbaycan teatrının estetik prinsipləri” əsəri isə teatrşünas alimlərin ən çox diqqət ayırdığı əsərlərdəndir.
Son illərdə Azərbaycanda yuxarıda haqqında fikir söylənilən, zikr etdiyimiz dərinlikdə sənət adamlarımızdan söz edərkən ağlımıza ömrünü sənətə, xüsusilə də teatr sənətinə, onun nəzəri əsaslarına, estetik prinsiplərinin araşdırılmasına həsr etmiş Prof. Dr. Əflatun Nemətzadə gəlir, - deyən Babək Qurbanov yazır ki, Əflatun bəyin yaradıcılıq imkanlarının təməlində kiçik yaşlarından etibarən sənətlə, şeirlə, musiqi ilə bağlı olması dayanır. Unutmaq olmaz ki, teatr sənəti bütün sənət növlərinin imkanlarından yararlana bilən bir sənət növüdür. Əflatun bəy də gənc yaşlarından bu sənət növlərinin sirlərinə sahib olma yolunda böyük səy göstərmişdir. Bu anlamda gənc yaşlarından hekayə, şeir yazması, musiqi dərsləri alması onun bugünkü uğurlarının əsasıdır. Əvvəl müəllimi, sonra məsləkdaşı, daha sonra ailə dostu Mehdi Məmmədov kimi teatr sənətinin, keçdiyi yollar və inkişaf perspektivlərini işiqlandıran müəllif kimi tanınmış, Türkiyədə ilk dəfə aktyorluq və opera sənətləri üçün dəyərli dərs kitabları yazmışdır.
Yazar və quruluşçu rejissor Əflatun bəyin çoxyönlü və zəngin yaradıcılıq yoluna diqqət ayıran Babək Qurbanov onun yaradıcılığında sənətin bir çox sahələrinin yer aldığını görür. Onun rejissor, bir yazar, bir tərcüməçi, bir qəzetçi, bir aktyor, bir teatrşünas-alim, bir pedaqoq kimi müxtəlif sahələrdə fəaliyyət göstərməsinə şahidlik edir və sıralanan bu sənət sahələrinin hər birində böyük uğurlara imza atdığını, peşəkarlığının çağdaş tələblərə cavab verdiyini göstərir. Beləliklə, Babək Qurbanov uğurla araya-ərsəyə gətirdiyi monoqrafiyanın ayrı-ayrı bölmələrində Prof. Dr. Əflatun Nemətzadənin əməyinin keçdiyi fəaliyyət sahələri ilə bağlı fikir və qənaətlərini oxucular və mütəxəssislərlə bölüşür.
Monoqrafiyanın birinci bölməsində Əflatun bəyin qəzetçilik fəaliyyəti ilə tanış olan oxucuya məlum olur ki, onun qəzetçilik fəaliyyəti gənc yaşlarından başlayaraq bu günədək davam etməkdədir. Babək Qurbanov onun ayır-ayrı qəzetlərdə dərc etdirdiyi məqalələrinə göz gəzdirdiyi zaman adətən sosial-mədəni həyatımızda baş verən heç bir olayın və hadisənin Əflatun bəyin diqqətindən qaçmadığını vurğulayır. Belə ki, bu məqalələrdə mədəni həyatımızdakı önəmli hadisələri, görkəmli şəxsiyyətlərin sənətdəki uğurları, sənətin tərbiyəvi-əxlaqi funksiyaları ilə bağlı fikirləri maraq doğurur və bu analitik yazılardan dünya mədəniyyət və incəsənətinin şah əsərləri haqqında detallı bilgilər əldə etmək mümkündür. Əflatun bəyin məqalələri bir çox yöndən diqqət çəkir. Bu gün də aktuallığını qoruyan bu məqalələr Əflatun bəyin uzaqgörənliyindən qaynaqlanır.
O, böyük sevgi və heyranlıqla dünyada ən qədim teatra malik xalqlardan, yaponların “Kabuki” teatrının estetik özəlliklərini və bu sənətin sadəcə yaponlara aid olduğunu Azərbaycan oxucularına sənətsevərlərinə tanıtmışdır. “Kabuki” teatrının Tiflis turnesi günlərində göstərdiyi bütün səhnə əsərlərini izləmişdir. Monoqrafiya müəllifi rejissorun ruhən və mənən dünya teatrlarını izləmək və araşdırmaqdan zövq aldığını düşünür. Qeyd edir ki, Əflatun bəy dünyadakı bütün teatr sistemlərini araşdırmışdır. Belə ki, İtaliyada “Del Arto”, Almaniyada Maks Rayngard, İngiltərədə Gordon Kreg və Fransada Antuanın səhnə metodlarını, bu qədim teatrların estetik özəlliklərini bütün incəliklərinə qədər araşdırmışdır.
Əflatun bəyin qəzet məqalələri içərisində oxucu üçün böyük maraq doğura biləcək bir yazıya da diqqət ayıran müəllif onun dünyaca ünlü balet ustası, bir çox balet əsərlərinin səhnə həyatına yol açmış və son illərini Amerikada keçirən gürcü əsilli xoreoqrafiya ustası Corj Balançin ilə olan görüşüdür: “Hər şeydən öncə gənc bir insanın bu qədər möhtəşəm və dünyaca tanınmış bir sənət adamına yaxınlaşa bilməsi, onunla reportaj hazırlaya bilməsi, bu gün belə insanı həyəcanlandırmaqdadır. O zaman gənc olmasına rəğmən, Əflatunun bu ünlü şəxsiyyətlə olan söhbəti və sorduğu soruları olduqca çağdaş və peşəkarlıq baxımından yerində və dəyərlidir. Bu söhbətdə Əflatun bəyin səhnə sənətinin spesifik və nisbətən az məlum olan xoreoqrafiya sənətinin tarixi və estetik prinsipləri ilə əlaqəli problemlərinə də bəlli dərəcədə sahib olmasını görürük. Balançinin Fransız əsilli dünyaca ünlü balet ustası Petipaya bağlılığı, rus balet tarixinə münasibəti, çağdaş rus baletinin günümüzdəki durumu və klassik bestsellerin yaradıcılarına marağı, bu sənətdə hansı sahənin daha önəmli olduğu kimi sorğular sorması diqqət çəkir. Eyni zamanda, Əflatun bəy Balançinə Bakı, Azərbaycan sənəti, xüsusilə də görkəmli azərbaycanlı bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovun sənəti haqqında məlumatlar verərək bu ünlü xoreoqrafiya ustasının diqqətini Azərbaycan mədəniyyətinə çəkmək istəyini ifadə edir. Məhz bu məqsədlə Əflatun bəyin bu balet ustasına “Azərbaycan təsviri sənəti” kitabını hədiyyə olaraq təqdim etdiyini də məqalədən öyrənirik. Əflatun bəy Bakıya qayıtdıqdan sonra Arif Məlikovun sinfonik əsərlərini alıb Amerikaya Balançinə göndərmişdir”.
Bu bölmədə Əflatun bəyin məqalələrinin qaynaqları, mənbələri göstərilməklə geniş təhlil olunur. Qeyd edilir ki, bu məqalələrdə aralıqsız və aktiv olaraq Türk dünyası mədəniyyət tarixi, türksoylu xalqların genetik tarixi birliyi, aralarındakı dil, din, adət-ənənələrin yaxınlığı kimi fikirlər tarixi bölgələrə əsasən izah edilir, şərhini tapır. Onun türksoylu xalqların ortaq bir dil yaratması ilə bağlı məqaləsi, bu yolda atılacaq addımların nələrdən ibarət olması ilə əlaqəli fikirləri ilə tamamlanır.
Kitabın “Novator rejissor” bölməsində Babək Qurbanov Prof. Dr. Əflatun Nemətzadəni oxucuya haqlı olaraq novator sənət adamı kimi təqdim edir, onun bu sahədəki işini incələməklə səhnəyə qoyduğu hər bir əsərə öz fikirlərini, dünya görüşünü və estetik düşüncəsini yansıtdığını vurğulayır. Qeyd edək ki, Əflatun bəyin dram rejissorluğu ilə birlikdə Leninqrad Konservatoriyasında musiqi təhsili almış bir opera rejissoru olması onun səhnə sənətinin ayrı-ayrı sahələrində tamaşaya qoyulan əsərlərdə; yəni dram, musiqili komediya, operetta, balet kimi səhnə əsərlərinə rejissorluq etmişdir. Onun səhnəyə qoyduğu operaların tam olmayan siyahısı; “Prens İgor”, “Faust”, “Leyli və Məcnun”, “Şah İsmayıl”, “Karmen”, “Aldanmış ulduzlar”, “Cırtdan”, “Toska”, “Eşq iksiri”, “Kavaleriya Rustikano”, “Koroğlu” və s. operettaları: “Arşın mal alan”, “Ulduz”, “Məşədi İbad”, “Madumazel Nitus”, “Gözəl Yelena”, “Özümüz bilərik”, “Qaynana” və s. dram əsərləri: “Otello”, “Solğun çiçəklər”, “Yaxşılığa yaxşılıqla” (yapon yazarı), “Meşşanlar”, “Yağış işığı”, “Qaracaoğlan”, “Sahillər və talelər”, “Şəhərin yay günləri” və s. rəngarəng ideya-məzmuna və müxtəlif tarixi mərhələlərə aid əsərlərdir. Bu əsərlərin səhnəyə qoyulmasında Əflatun bəy öz yaradıcılıq prinsiplərindən dönməmiş, hər dəfə yeni-yeni yaradıcılıq yolları, duyğusal-estetik baxışlarını ortaya qoymuşdur. Hətta bəzən tənqidi fikirlərə rəğmən, öz yaradıcılıq üslubunun daha həyati olmasını sənəti ilə isbatlaya bilən bir rejissor-sənətçi olmuşdur. Onun Müslüm Maqomayevin “Şah İsmayıl” operasının orijinalı üzərində çalışması, tarixi sənədlərlə yaxından tanış olması, XX əsrin ünlü bəstəkarlarından sayılan Qara Qarayev musiqi redaktəsi ilə əsərə yeni təravət gətirə bilməsini daha bir örnək göstərmək mümkündür.
Rejissorun səhnə yaşamına işıq tutan “Prens İgor” və “Aldanmış ulduzlar” operalarının yenilikçi ruhunun yüksək olduğuna toxunan Babək Qurbanov qeyd edir ki, dünya mətbuatında hər iki əsər haqqında tərif dolu yazılar yazılıb və keçmiş sovetlər birliyinin yüksək mükafatına layiq görülüb.
Prof. Dr. Babək Qurbanov “Leyli və Məcnun” operasının səhnə təcəssümü dövründə onun rejissoru, yetənəkli sənət adamı Əflatun bəyin hər zaman operada sənətlərin sintezi və dialektliyi kimi prinsiplərdən yaradacılıqla istifadə etdiyini vurğulayır və daha sonra yazır ki, novator rejissor, davamlı, yenilikçi ruhuyla axtarışda olan Əflatun bəy mənə görə də çox anlamlı, gerçək və yeni rejissor yorumuyla Ankara seyircilərini bu sahə əsərinin qeyri-adi finalı, sonluğu ilə heyran etdi. Operanın tamaşasından sonra Türkiyənin sabiq mədəniyyət naziri Namiq Kamal Zeybəkin fikirləri də kitab müəllifinin diqqətindən kənarda qalmayıb: “Mənə görə Əflatun bəy zamanımızın ən istedadlı, yenilikçi və tanınmış opera rejissorudur. Onu Türkiyə Opera Teatrına mən dəvət etmişəm və dostluğumuz davam edir. Onu tanıdığıma görə xoşbəxtəm. Leyli ilə Məcnun səhnədə filmlərdə olduğu kimi gözlərimizin önündə göylərə yüksəlir. Möhtəşəm final məni, həqiqətən, həyəcanlandırdı. Bu necə bir gözəllikdir, necə bir cənnət səhnəsidir, heyran qalmamaq mümkün deyil. Bir-birini sevən gənclər əl-ələ verib buludlar arasından göylərə doğru yüksəlir və yox olurlar. Bu, insanı həyacanlandırır, düşündürür və sevindirir. Opera xoşbəxt bir sonluqla bitir. Bravo Əflatun bəyə, onun zəkasına, rejissor anlayışına və fərqli düşüncəsinə ki, bizlərin qəlbini əfsunladı, ağlatmış oldu. Əlbəttə, bunlar sevinc gözyaşlarıdır”.
Prof. Dr. Babək Qurbanovun sözügedən bu kitabı onun yaradıcılığının son yadigarlarından biridir. Müəllif bu monoqrafiyasında Əflatun Nemətzadənin əməyinin keçdiyi fəaliyyət sahələri ilə əlaqəli fikir və düşüncələrini oxucuları və mütəxəssislərlə bölüşür. Düşünürük ki, bu əsər mədəniyyət və incəsənət sahəsində təhsil alan tələbələrin və ayrıca ədəbiyyat, sənət adamlarının da marağını çəkəcəkdir.
P.S. Mən əminəm ki, fəzilət sahibi elm, sənət, ədəbiyyat adamlarının Uca ruhun nurlandırdığı aydınlıqlarla dolu bir evi vardır. Həmsöhbət olsanız, o evin qapısından içəri girmiş olarsınız. Doğmaları, yaxınları, həmkarları, sənət dostları üçün xatirəsi əziz olan, unudulmaz Babək Qurbanov da o adamlardan biri idi...
Şükür ƏLİZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə