İmadəddin Nəsimi: Sənət və təriqət bütövlüyünün fəlsəfi poeziya zirvəsi
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti seminar keçirilib.
Tədbiri giriş sözü ilə institutun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq, Prezident İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli və Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi İli" elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamlar imzaladığını xatırladıb. Akademik sözügedən sərəncamlardan irəli gələrək rəhbərlik etdiyi müəssisədə "Nəsimi qrupu"nun yaradıldığını və xüsusi Tədbirlər Planının hazırlandığını bildirib.
Tədbirdə AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "İmadəddin Nəsimi: Sənət və təriqət bütövlüyünün fəlsəfi poeziya zirvəsi" mövzusunda məruzəsi dinlənilib. O, çıxışında bildirib ki, XIV əsr türkdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığında təsəvvüf ideyaları bütöv bir konsepsiya təşkil edir. Digər klassik şairlərimizdən, fərqli olaraq, Nəsiminin, bilavasitə fəlsəfi təlim zəminində yetişdiyini deyən S.Xavəri qeyd edib ki, ədibin şeirlərindəki fəlsəfi ideyaların əsasında hürufilik dayanır: "Nəsimi poeziyası orta əsrlərin məfkurə məhdudiyyətinə qarşı yönəlmiş fikrin üsyanıdır. İstər ayrılıqda Azərbaycan, istərsə də, bütövlükdə, ümumtürk bədii fikri tarixində şair və ictimai mühit konflikti az-az hallarda bu qədər kəskin xarakter alır. Şərqdə, o cümlədən, Azərbaycanda Nəsimidən əvvəl və sonra yaşayıb-yaratmış bütün şairlər "gərdun", "fələk", "dövr", "dünya" və s. ifadələr altında ictimai mühitə qarşı etiraz edirdilər".
S.Xavərinin sözlərinə görə, Nəsiminin varlığı dərketmə modelinin təməlində haqq (Allah), cahan, insan, söz anlayışları dayanır. O, həmçinin, Nəsimi poeziyasında insan obrazının orta əsrlər poetik fikir tarixində ən yüksək zirvəyə qalxdığını söyləyib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında çıxışlar olub və fikir mübadiləsi aparılıb.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB