Sessiyanın ilk günü Bakı Bəyannaməsi qəbul edilib

Sessiyanın ilk günü Bakı Bəyannaməsi qəbul edilib

Bu gün Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk Plenar iclasda sessiyanın gündəliyi açıqlanıb və iştirakçı ölkələrin nümayəndələrinin hesabatları dinlənilib. SİA-nın məlumatına görə, sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndsiənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır: “Bütün iştirakçılar Azərbaycanın mədəni irsi ilə artıq tanışdırlar. Möhtəşəm açılış mərasimi onlarda ölkəmiz haqqında geniş təsəvvür yaradıb. Biz çalışmalıyıq ki, bütün qonaqlar bu sessiyada öz fikirlərini sərbəst şəkildə çatdıra bilsinlər”.

Günün birinci yarısındakı müzakirələrə yekun vuran təşkilat komitəsinin sədri Əbülfəs Qarayev Bakı Bəyannaməsinin qəbul olunmasını təklif edib. Bildirib ki, bu bəyannamə dünyada mədəni irsin qorunmasına xidmət edir və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır.
Sonra iştirakçı ölkələr tərəfindən Bakı Bəyannaməsi qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə