Film Fondunda Həsən Seyidbəylinin şəxsi arxiv fondu yaradılıb- AÇIQLAMA

Film Fondunda Həsən Seyidbəylinin şəxsi arxiv fondu yaradılıb- AÇIQLAMA
Dövlət Film Fondunda görkəmli rejissor, xalq artisti Həsən Seyidbəylinin şəxsi arxiv fondu yaradılıb. Bu barədə SİA-ya fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev açıqlama verib.

O bildirib ki, sənədlər fonda rejissorun oğlu Ziya Seyidbəyli tərəfindən təqdim olunub: "600-ə qədər sənədin arasında Həsən Seyidbəylinin şəxsi sənədləri, ssenariləri, əlyazmaları, montaj vərəqələri, fotoları var. Həsən Seyidbəyli "Telefonçu qız", "Möcüzələr adası", "Sən niyə susursan?", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Səadət qayğıları", "Nəsimi" kimi filmlərə quruluş verib. Əksər filmin ssenarisini özü qələmə alıb".

Bununla yanaşı, Dövlət Film Fondunun xətti ilə hazırlanan kino bülleteninin II və III buraxılışının işıq üzü gördüyünü deyən C. Quliyev: "Bülletenlərə 2008 və 2009-cu illərdə Azərbaycanda istehsal olunan filmlərin siyahısı daxildir. Burada həmin filmlər, onların çəkiliş qrupu haqqında ətraflı bilgi, o illər ərzində dünyasını dəyişən, yubileyi qeyd olunan kino xadimləri, çap olunan nəşrlər barədə məlumatlar əksini tapıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən bülletenlər kitabxanalara, televiziya kanallarına pulsuz paylanır",- deyə əlavə edib.

Məlumat üçün bildirək ki, kino bülleteninin ilk buraxılışında 2000-2007-ci illərdə istehsal olunan filmlər yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə