Xalqının tarixinə, gələcəyinə, onun dilinə böyük məhəbbətlə bağlananlar gördükləri işləri vətəndaşlıq borcu hesab edirlər. Həmsöhbətim, tanınmış professor, səmimi insan Nizaməddin Şəmsizadə kimi... SİA Nizaməddin müəllimlə müsahibəmizi oxuculara təqdim edir.
- Nizaməddin müəllim, sizin yaradıcılığınız olduqca çoxşaxəlidiar. Gərgin elmi- pedaqoji fəaliyyət, tədbirlər, məişət qayğıları, bütün bunlar sizi yormur ki?
- Düzünü deyim ki, çox yoruluram. Yaxşı bilirisiniz ki, zehni fəaliyyət insanı fiziki fəaliyyətdən daha çox yorur. Bütün günü mütaliə, yazı-pozu ilə məşğulam. Bu da səhərlər yorğun oyanmağıma səbəb olur. Hərdən mənə elə gəlir ki, səhərlər bu dünyada olmuram... Şair Ramiz Rövşənin dediyi kimi: "Lap səhər o başdan yorğunam, Allah”. Elə olur ki, günlərlə oturub yazı yazıram. Onu da deyim ki, "Ədəbiyyat nəzəriyyəsi” dərsliyini doğulduğum Quba şəhərində 40 günə yazmışam. Lakin bu kitab ümümiyyətlə, iki ilə ərsəyə gəlib. Yəni iki il müddətində lazım olan materialları toplayandan sonra yazmağa başlamışam.
- Qələm adamı olduğunuz üçün daha çox oturaq həyat tərzi keçirirsiniz. Bu , yəqin ki, sağlamlığınıza öz təsirini göstərir...
- Oturaq həyat tərzi qələm adamlarının , demək olar ki, taleyidir. Əlbəttə, bu, sağlamlığıma mənfi təsir edir. Hərdən özümü narahat hiss edirəm. Lakin həkimlər ciddi bir xəstəliyimin olmadığını deyirlər. Onlar məsləhət edirlər ki, çox gəzim, idmanla məşğul olum.
- Nizaməddin müəllim, bu qədər zəngin yaradıcılığı illərə sığdırmaq heç də asan deyil. Sirr deyilsə, bunu necə bacarmısınız?
- Hər şeydən əvvəl, insan uğur qazanacağına özünü inandırmalıdır və məsuliyyətli olmalıdır. İnsan öz qarşısına məqsəd qoymalıdır. Məqsəd olmasa, zəhmət heç bir bəhrə verməz. Mən tələbə olarkən görəcəyim işlərin həftəlik siyahısını tuturdum. Hətta bazar günü nə edəcəyimi də əvvəlcədən bilirdim. Əgər hansısa işi vaxtında yerinə yetirmirdimsə, həmin cədvəldə özümə münasibət bildirirdim. Əğər iki günün işini bir gündə görürdümsə, bu zaman da cədvəldə özümə tərif yazırdım. Bütün bunlar insanın özünü idarə etməsi, daxilindəki "mən”ə hesabatıdır. Məncə, bütün bacarıqlı və yaradıcı insanlar belə planlar quraraq yaşayırlar. Mən plansız, proqramsız yaşamağın nə olduğunu bilmiriəm. Düzünü deyim ki, canımı o qədər də sevən adam deyiləm. Amma qürurumu, adımı, imzamı sevən və hörmətlə yanaşan insanam. Bizim xalqımız çox bacarıqlı, qabiliyyətli və savadlı xalqdır. Lakin hamımız məqsədlə yaşamağı bacarmırıq. Bir çoxu isə savadlı olsa da, nikbin deyil. Bədbinlik və inamsızlıq qarşılaşacağımız bütün uğuru yox edir. Odur ki, yüksək inam hissi və məsuliyyətlə yaşamaq lazımdır. Mən amalıma doğru hər zaman böyük həvəslə irəliləmişəm. Nəticəsini də görmüşəm. Yazı masasına oturanda qarşımda daxilimdəki "ikinci Nizaməddin” oturur. Yorulanda, həvəsdən düşəndə o, mənə deyir : "Professor, özünü ələ al, bu nədir , sən çalışmalısan " (gülür). Su damcısı düşdüyü mərmər daşı da parçalayır. Bu, suyun mərmərdən güclü olduğu üçün yox, "inadla” eyni yerə damlamasına görə baş verir. İstək də, məqsəd də belədir. Ölkəmizdə ədəbiyyatşünaslıq üzrə ən gənc elmlər doktoru adını qazanmağım, zənnimcə, elə qətiyyətli olduğumdan irəli gəlir.
- Daxilinizdəki "ikinci Nizaməddin”lə necə yola gedirsiniz? O, hər addımda sizə nəzarət edir?
- Maraqlı sualdır...O, məni ən çox nəfsimdən qoruyur. Çünki nəfs insanın zəhəridir. İnsan nəfsinə qalib gəlməsə, nəfs ona qalib gələr. Bu baxımdan Allaha şükür edirəm. Sevinirəm ki, nəfsi iradəsinə qalib gələnlərdən deyiləm. İnsan pulu, mal-dövləti hər şeydən üstun tutursa, o nə ziyalı, nə də vətəndaş ola bilməz. Bu dünyada müvəqqətiyik. Allahın qarşısna çıxanda hamımız hesabat verəcəyik. Əbədi həyatımız orada başlayacaq. Nəfsimizi boğmağı bacarmalıyıq ki, günahımız az olsun. Mən günahımın olmadığını demirəm. Günahlardan bacardığım qədər qaçmağa çalışıram. Düşünürəm ki, insan boş, mənasız illər yaşayan varlıq olmamalıdır. İnsanı başqa canlılardan fərqləndirən onun düşünmək bacarığıdır. İnsanın xeyirli işləri, əməlləri isə abidələr kimidir. Bunlar nəsildən-nəslə keçir.
- Nizaməddin müəllim, şəxsi xarakterinizdə hansı xüsusiyyətləri bəyənirsiniz?
- Olduqca nikbin insanam. Bu xüsusiyyətimi bəyənirəm. Mən nikbinliyi təkcə ona görə sevmirəm ki, öz istədiyim kimi deyib-gülərək yaşayım. Nikbinliyi həm də ona görə sevirəm ki, Tanrının istədiyi kimi yaşayım. Çünki Tanrı nikbin ruhlu, şükürlü insanları sevir, qurub-yaradanlara özü dayaq olur. Ruhumu hər zaman Allaha yaxın hiss edirəm. O böyük Yaradana sığınıram.
- Sizin çoxlu sayda tədqiqatlarınız, tənqidi yanaşmalarınız, maraqlı mülahizələriniz var. Ümumiyyətlə, hansı xüsusiyyətlərinə görə cəmiyyətimizə tənqidi yanaşmısınız?
- Cəmiyyətimizin bir çox xüsusiyyətlərinə tənqidi yanaşmışam. Əsasən də, düşüncə tərzinə görə. Bizdə başqaları barədə danışmaq, insanların işinə qarışmaq kimi xüsusiyyətlər var. Lakin bütün bunlara baxmayaraq mən millətimizi çox sevirəm. Bizim xalqımız olduqca qonaqpərvər, mehriban, vətənpərvər xalqdır. Xalqımızın kifayət qədər qəhrəman oğuları var. Lakin bizim birliyimiz, yəni bir-birimizə arxa olmaq kimi xüsusiyyətlərimiz yetərincə deyil. Özümüz , dilimiz və tariximizlə öyünə bilmirik. Halbuki bizim millətimiz bir-birinə söykənərək yaşamağı bacarıb. Biz dəyərlərimizi, əlbəttə ki, saxlamalıyıq. Bəyənmədiyim məqamlardan biri də tariximizlə bağlı həqiqətləri öyrənməkdə tənbəllik etməyimizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB