Nazir: “Lənkəranın bəzi mədəniyyət ocaqlarının vəziyyəti bizi qane etmir”

Nazir: “Lənkəranın bəzi mədəniyyət ocaqlarının vəziyyəti bizi qane etmir”
2011-ci il üçün Şabran şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Lənkəran şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və İsmayıllı şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. SİA-nın məlumatına görə, bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlama verib.

Nazir qeyd edib ki, Şabranda Mədəniyyət və Turizm Nazirliyinin qoruğu var və artıq orada işlər gedir: "Lənkərana gəlincə isə oradakı bəzi mədəniyyət ocaqlarının vəziyyəti bizi qane etmir. Ancaq daha da yaxşı olması istiqamətində lazımi işləri aparacağıq. Hansısa yaradıclığın paytaxtı adını daşımaq o deməkdir ki, bütün ölkənin, rayonların və bölgələrin marağının məhz həmin rayonlarda tətbiq olunan bu layihələrə diqqətini cəlb etmək və onların vasitəsilə Azərbaycan xalqına məxsus bu zəngin adət ənənələrin təbliğ etməkdən ibarətdir".

Məlumat üçün bildirək ki, məsələ ilə əlaqədar Şabran, Lənkəran və İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə