Azərbaycan xalçası ilə bağlı hazırlanan namizədlik faylı, film və beş dildə olan sayt təqdim edilib - FOTO

Azərbaycan xalçası ilə bağlı hazırlanan namizədlik faylı, film və beş dildə olan sayt təqdim edilib - FOTO
Bu gün Muzey Mərkəzində Azərbaycan xalça sənətinin "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti" adı ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına salınması ilə bağlı təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq Azərbaycan xalçası ilə bağlı hazırlanan film nümayiş olunub.

Nümayişdən sonra isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, ötən ilin noyabrında Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş YUNESCO-nun Qeyri-Maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin V sessiyasında müzakirə olunan çoxsaylı məsələlərlə yanaşı, Azərbaycanın təqdim etdiyi fayl da müzakirə edilib və Azərbaycan xalçasının müvafiq siyahıya daxil edilməsi ilə bağlı qərar qəbul edilib: "Bu qərar çoxdan arzulanan və geniş ictimaiyyət tərəfindən gözlənilən bir qərar idi. Düşünürəm ki, bu addım Azərbaycan xalçasının dünyəvi, bəşəri sənət olması haqqında bir bəyanatdır. Azərbaycan xalçasının təbliği və onun artıq YUNESCO loqosu altında çıxış etməsi və təqdim olunması böyük imkanlar açır. Bütün ictimaiyyəti səsləyirəm ki, Azərbaycan xalçasının harada görsələr, maraqlansınlar ki, o xalçanın yanında hansı millətə məxsus olması ilə maraqlansınlar və dərhal bizi bundan xəbərdar etsinlər".

Çıxışlardan sonra Azərbaycan Xalça sənətinin YUNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan xalçası ilə bağlı hazırlanan namizədlik faylı, film və beş dildə olan sayt (ww.carpet.intangble.az) təqdim edilib. Tədbirdən sonra iştirakçıların Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyası təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə