Əbülfəs Qarayev Parisdə UNESCO rəsmisi ilə görüşüb

Əbülfəs Qarayev Parisdə UNESCO rəsmisi ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisdə UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Rodrigez Ottone ilə görüşüb.

Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan ilə UNESCO arasında əlaqələrin cari vəziyyəti, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq və sessiyada müzakirəsi gözlənilən məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonra UNESCO-nun Ümumdünya İrs Mərkəzinin rəhbəri Mextild Rosslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Bakıda təşkil olunacaq 43-cü sessiyanın gündəliyində duran dünya mədəni və təbii irsinə dair namizədlik fayllarının vəziyyəti, sessiyanın sədrinin öhdəlikləri, prosedura qaydaları, tədbirin açılış mərasimi və bu kimi məsələlər müzakirə olunub.

Nazir Əbülfəs Qarayev keçirilən görüşlərdə Azərbaycanın bu tədbirə xüsusi önəm verdiyi və sessiyanın təşkili ilə bağlı Prezident İlham Əliyev tərəfindən Təşkilat Komitəsinin yaradıldığı, müvafiq iclasların keçirildiyi və hazırlıq işləri ilə bağlı prosesin lazımi səviyyədə getdiyi barədə məlumat verib.

Səfər zamanı, həmçinin Ümumdünya İrs Mərkəzinin müvafiq nümayəndələri ilə ev sahibi ölkə olan Azərbaycan tərəfindən Əməliyyat Qrupu arasında görüş olub. Əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadə 43-cü sessiyanın təşkilatçılığına cəlb edilmiş şirkətlərlə birgə sessiya və onun çərçivəsində təşkil ediləcək 35-ə yaxın tədbirin, Gənc Peşəkarlar Forumu və Abidə Menecerləri Forumuna hazırlığın vəziyyəti və texniki tələblərin icrası barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə