“Sonuncu divarın daşları”nın təqdimatı olub- FOTO

Bu gün Kitab Klubunun sərgi salonunda xalq yazıçısı Çingiz Abdullayevin "Sonuncu divarın daşları" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən klubun direktoru Elxan Rzayev bildirib ki, kitab Berlini ikiyə ayıran divarlar dağıldıqdan sonra orada fəailiyyət göstərən agentlik haqqındadır.

Daha sonra kitabı rus dilindən Azərbaycan dilinə tərcümə edən Munisə Dadaşqızı qeyd edib ki, kitab sırf dedektiv janrında deyil: "Kitab siyasi dedektiv janrında qələmə alınıb. Bir millətin ürəyinin tən ortasından parçalanaraq müxtəlif cəmiyyətli dövlətlərin tərkibində yaşamaq sitəmi azərbaycanlılara çox tanışdır. Almanlar isə bu səddi aşıb birləşdilər".

Almaniyada olarkən bu əsəri qələmə aldığını deyən xalq yazıçısı Ç. Abdullayev: "Bu əsəri hələ Almaniyada olarkən yazmışdım. Ancaq onun çapdan çıxması və nümayişi bu günə təsadüf edib. Kitabımın belə maraqlı olacağını gözləmirdim. Hər zaman gənc oxucularıma deyirəm ki, tək mənim əsərlərimi deyil, həmçinin digər yazıçıların kitablarını da oxuyun. Onu da qeyd edim ki, heç vaxt Azərbaycanda çıxan kitablarım üçün pul almamışam. Kitablarımdan əldə olunan gəliri həmişə Qarabağ qaçqınlarına və uşaq evlərinə verirəm",- deyə əlavə edib.

Ç. Abdullayev həmçinin vurğulayıb ki, bu yaxınlarda Rumıniyada "Gün altında zülm" kitabı da işıq üzü görüb. Kitablarının plagiat çap olunmasına da münasibət bildirən xalq yazıçısı, "Mənim yalnız 2 nəşriyyatla müqaviləm var ki, ancaq onlar əsərlərimi tərcümə edə bilərlər. Plagiatçılığın qarşısını almaq üçün artıq Daxili İşlər Nazirliyinə də müraciət etmişəm. Bununla yanaşı, hazırda başqa nəşriyyatla danışıqlar gedir" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə