“Turan Mübarizi” adlı kitabın təqdimatı keçiriləcək

“Turan Mübarizi” adlı kitabın təqdimatı keçiriləcək
Fevralın 4-də, saat 18.00-da Gənc Tamaşaçılar Teatrında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan "Turan Mübarizi" adlı kitabın təqdimat mərasimi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Tədbirdə tanınmış ziyalılar elm, mədəniyyət və ədəbiyyat xadimləri, hərbçilər, mətbuat nümayəndələri və M.İbrahimovun ailə üzvləri iştirak edəcək. Gecədə Milli Qəhrəmanın həyat və fəaliyyətindən bəhs edən çıxışlarla yanaşı, ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdiriləcək.

Nəfis şəkildə çap olunan "Turan Mübarizi" kitabında M.İbrahimovla bağlı rəsmi sənədlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onunla bağlı söylədiyi dəyərli fikirlər, görkəmli elm və mədəniyyət adamlarının, ziyalıların, onu yaxından tanıyan insanların ürək sözləri, bəzi vacib tarixi faktlar, şeirlər, məqalələr, çoxsaylı fotoşəkillər və digər maraqlı materiallar yer alıb.

Qeyd edək ki, kitab Mədəniyyət və Turizm Nazirliyi və "Ozan" nəşriyyatının təşkilatçılığı ilə çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə