Tarzən: “Bu alət xanımlar üçün daha çətindir”

Tarzən: “Bu alət xanımlar üçün daha çətindir”
Sənətində müəyyən yeniliklərə imza atanlardan sayılan tarzən Humay Qədimova bu işlə bağlı mövcud stereotipləri qıranlardan biri oldu. Adət etdiyimiz kimi, bu günədək bu musiqi alətində ifa etmək kişilərə məxsus idi. İndi gənc bir xanımı da əlində tar efirdə görməyə başlamışıq. SİA-ya bu mövzu ilə bağlı Humaydan açıqlama aldı: "Bir gün tarı əlinə almasan, özün bilirsən. İkinci gün əlinə almayanda ətrafındakı musiqiçilər bilir. Üçüncü gün əlinə almayanda hamı bilir. Bu, elə bir alətdir ki, onunla hər gün mütəmadi şəkildə məşğul olmaq lazımdır. Ümumiyyətlə, tar çox çətin alətdir. Bir əhvalat yadıma düşdü. Hacı Məmmədovun qonşuları deyirmiş ki, "Hacı müəllimin qapısının kandarından keçəndə tarının səsini eşitmiriksə, bilirik ki, o, evdə yoxdur". Hacı müəllimin özü deyirdi ki, "tarzən sutkanın 24 saatının 25 saatı bu alətlə məşğul olmalıdır". O baxımdan, bu alət xanımlar üçün daha çətindir. Ailə ilə sənəti birlikdə çatdırmaq müşkül işdir. Amma subay olduğuma görə, hələ rahatçılıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə