"Səfərlər maraqlı olsa da, Vətən üçün darıxırıq" - MÜSAHİBƏ-FOTOLAR

"Səfərlər maraqlı olsa da, Vətən üçün darıxırıq" - MÜSAHİBƏ-FOTOLAR

Xalq artisti Mənsum İbrahimovun SİA-ya müsahibəsi

- Mənsum müəllim, bildiyimiz kimi bu günlərdə Afrikanın görkəmli məkanlarının birində yüksək səviyyəli konsert proqramı ilə çıxış etmisiniz. Yaxşı olardı ki, bu barədə geniş məlumat verəsiniz.

-Bu günlərdə Afrika İttifaqının mənzil-qərargahında "Qarabağ " muğam qrupunun iştirakı ilə çox gözəl konsert keçirildi. Konsert Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi, Respublika Günü, Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar idi. Mərasimdə Efiopiya tərəfindən mədəniyyət və turizm naziri xanım Hirut Kassau, bir sıra nazirliklərin rəhbər şəxsləri, Əddis-Əbəbə şəhərində akkreditə olunmuş bir sıra ölkələrin səfirləri və diplomatları, Afrika İttifaqının, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının (UNECA) və UNESCO-nun Afrika İttifaqı yanındakı təmsilçiliyinin, UNESCO-nun Afrikanın müxtəlif ölkələrindən olan nümayəndələri iştirak edirdilər.

- Konsertdə hansı musiqilərimiz ifa olundu?

- Əlbəttə ki, konsert zamanı xalq mahnılarımızı və sonda Qarabağ şikəstəsini ifa etdik. Musiqilərimiz olduqca gözəl qarşılandı. Konsetimiz bir saat davam etdi. "Qarabağ" muğam qrupu musiqiçilərinin əməyini də xüsusi qeyd etməliyəm. Tarzən Elçin Həşimov, kamança ifaçısı Elnur Əhmədov və nağara ifaçısı Kamran Kərimovun da konsertlə bağlı gözəl təəssuratları var. Bundan başqa, Efiopiyanın birinci kanalına da müsahibə verdik. Tədbirdə Azərbaycan musiqisi olduqca gözəl qarşılandı. Konsert proqramı Afrika tamaşaçılarında böyük maraqla qarşılandı və tədbirdə, həmçinin iştirakçılara ölkəmizin milli mətbəxinə aid yeməklərdən hazırlanmış ziyafət verildi. Onu da deyim ki, tədbirdə səfir Elman Abdullayev respublikamızın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini qeyd etdi. O, Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı olduğunu, ölkəmiz tərəfindən həyata keçirilən nəhəng beynəlxalq və regional layihələrin qlobal və regional inkişafa ciddi töhfə verdiyini və beynəlxalq inkişafa yardım istiqamətində fəal əməkdaşlıq həyata keçirdiyini diqqətə çatdırdı.

- Mənsum müəllim, bəs, səfər zamanı asudə zamanınızı necə dəyərləndirdiniz?

- Onu deyim ki, getdiyimiz ölkələrdə hər zaman onların tarixi, mədəniyyəti, şəhərlərin görkəmli yerləri diqqətimizi çəkir. Bu dəfə də Keniyada, Nairobidə dünyanın ən böyük Milli Parkını gəzdik. Afrikada toyda da iştirak etmək bizim üçün maraqlı oldu. Hər bir millətin öz adət-ənənəsi , maraqlı yaşayışı var. Səfərlər maraqlı olsa da, Vətən üçün hər yerdə darıxırıq...

Bütün xəbərlər Facebook səhifəmizdə