Müsabiqə qalibləri mükafatlandırılıb - TƏDBİR

Müsabiqə qalibləri mükafatlandırılıb - TƏDBİR

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırılıb.Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev son illər ölkəmizdə teatrların inkişafına göstərilən dövlət qayğısından danışıb. SİA-nın məlumatına görə, Azərbaycan müstəqillik qazandıqdan sonra teatrlarımızın yeni mərhələyə qədəm qoyduğunu bildirən V.Əliyev deyib ki, Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub: "2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsinə dair qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nı təsdiq edib".

Müsabiqə barədə ətraflı məlumat verən Vaqif Əliyev deyib ki, “Birpərdəli pyeslər” müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci il, sentyabrın 11-də elan olunub. Müsabiqənin təşkilində məqsəd xalq teatrlarının repertuarlarını kiçikhəcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların ədəbi yaradıcılığını dəstəkləmək, tamaşaçıların estetik və mənəvi zövqünün ödənilməsi üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etməkdir.

Müsabiqəyə təqdim edilən pyeslərin mövzusu vətənpərvərlik, Aprel döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə edib.

Sonra qaliblər mükafatlandırılıb. Müsabiqədə I yeri “Payız meşəsində vals” pyesi ilə Firuz Mustafa, II yeri “Ölümə gedən” pyesinə görə Cavid Zeynallı, III yeri isə “Al çobanyastığı ləçəkləri” pyesinə görə Sevinc Nuruqızı tutub.

Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə