"Zərrə mənəm, günəş mənəm...” - TƏDBİR- FOTOLAR

"Zərrə mənəm, günəş mənəm...” - TƏDBİR- FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamının icrası istiqamətində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə mədəni-kütləvi tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də Nizami rayonunda rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 190 saylı uşaq baxçasında keçirilib.

“Zərrə mənəm, günəş mənəm...” adlı tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, deputat Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova, 190 saylı uşaq baxçasının müdiri Nazilə Dəmirova, 59 saylı uşaq baxçasının müdiri Rəna Süleymanova və başqaları bildiriblər ki, Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir.

Vurğulanıb ki, əlli il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi qeyd olunub. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradılıb. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer alıb, 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldılıb. Bu il isə Azərbaycan Prezidentinin Sərəncamına əsasən, respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd olunur.

Tədbirdə baxça kollektivinin ədəbi-bədii kompozisiyası təqdim edilib.

Sonda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış sərgiyə baxış olub, ağaclar əkilib və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə