Desperado Həvəskar Gitara Çempionatı keçiriləcək

Desperado Həvəskar Gitara Çempionatı keçiriləcək
Martın I və ya II həftəsi Desperado Həvəskar Gitara Çempionatı keçiriləcək. Bu barədə SİA-ya layihənin rəhbəri Murad Seyidov məlumat verib. O bildirib ki, layihənin məqsədi cəmiyyətimizdə və əsasən də gənclər arasında musiqi mədəniyyəti formalaşdırmaqdır: "Və xüsusilə gitaraya olan marağı daha da artırmaqdır. Düşünürük ki, bu layihədən sonra Azərbaycanda gitaraya maraq artacaq Və həmçinin də gənclərin asudə vaxtının səmərəli keçirilməsi və bu səmərəli vaxtda əylənərək öyrənməkdir".

M. Seyidov onu da qeyd edib ki, Azərbaycanda gənclərin gitaraya olan marağı göz qabağındadır: "Avropadakı gənclərin gündəlik həyat tərzinə çevrilən gitara mədəniyyəti Azərbaycana yeni-yeni gəlir. İkinci problem isə gitarada ifa edə bilən gənc potensialların üzə çıxmasında müxtəlif maneələr gördük. Biz də bu prosesi daha da sürətləndirmək üçün belə bir layihə həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq".

Layihənin seçim turunun necə aparılacağına aydınlıq gətirən layihə rəhbəri: "İştirak etmək istəyən gənclər Caspian Plaza 1. 9-cu mərtəbədəki Desperado Musiqi Məktəbinə yaxınlaşıb qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan əvvəl isə iştirak etmək istəyən hər bir gənc Desperadonun müəllimləri tərəfindən yoxlanılır. Müəllimlər iştirakçıların hazırladıqları ilkin səhnəciklərə və mahnılara görə iştirak hüququ verəcəklər. İştirakçı sayı 30-40 nəfər planlaşdırılır".

M. Seyidov Desperado Gitara Çempionatında iştirak etmək üçün aşağıdakı meyarlara əməl olunmasının vacibliyini də vurğulayıb:

- Gitarada ifası olmalıdır - Minimum bir nəfər səhnədə gitara ifa edən olmalıdır - Səhnəciklər göstərilə bilər - Səhnəciklər zamanı səhnədə ən çox 4 nəfər ola bilər - Rəqslərdən istifadə oluna bilər

Bu meyarlara cavab verən hər bir həvəskar gitaraçı Desperado Gitara Çempionatında iştirak edə bilər

Layihənin 1 turdan ibarət olacağını deyən M. Seyidov bildirib ki, hakimlər hər çıxışa görə iştirakçılara qiymətləndirmə blankında 10 ballıq sistemlə ballar yazır və sonda qalib seçilir: "Hər bir iştirakçıya ifa üçün 3 dəqiqə vaxt veriləcək. 3 dəqiqə ərzində ifa və səhnəcik göstərilməlidir (əgər səhnəcik hazırlanıbsa). Sonda qalib bildirilir".

Layihənin elanları 1 ay əvvəldən veriləcək. Xəbər saytları: azxeber.com, əyləncə saytları: joy.az, fox.az, mark.az, put.az, Sosial şəbəkələr: Facebook, Yahoogroupsda çempionatın reklamlara gedəcək.

Reklamlar həmçinin bəzi universitetlərdə də poster şəklində nümayiş olunacaq. Misal olaraq, Azəbaycan Dövlət Neft Akademiyası (I,II,III binalar), Azərbaycan Dövlət İqtisad Universiteti (I,II,III,IV binalar), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Qərb Universiteti, Təfəkkür Universiteti, Bakı Musiqi Akademiyası. Bununla yanaşı, 6 telekanalda kiçik sujetlerin verilməsi (çempionat ərzində baş verənlər haqda) də nəzərdə tutulur.

Layihə rəhbəri onu da vurğulayıb ki, çempionatdan gözlənilən nəticələr bunlardır: "Gənclərin və tamaşaçıların gitaraya olan marağı artacaq, gitarada ifa edə bilən gənc potensiallar üzə çıxacaq, gənc potensiallardan 1 qrup (ansambl) yaradıb konsert təşkil olunacaq və Azərbaycanda gitaranın inkişaf səviyyəsi artacaq".

Məlumat üçün bildirək ki, çempionatı Desporado Musiqi Məktəbi təşkil edir.

Qeyd edək ki, çempionatın informasiya dəstəyi SİA-ya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə