"Həmyerlilərimiz Azərbaycan musiqisi üçün darıxırlar" - MÜNASİBƏT

"Həmyerlilərimiz Azərbaycan musiqisi üçün darıxırlar" - MÜNASİBƏT

Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının aparıcı solisti Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalının açılışı olub. SİA-nın verdiyi məlumata görə, festivalın ilk konserti “Azərbaycanın opera səsləri” adlanıb.

Moskva klassik musiqi həvəskarları Azərbaycanın Xalq artisti, maestro Yalçın Adıgözəlovun dirijorluğu, Rusiya Milli Orkestrinin müşayiəti ilə opera müğənnisi Azad Zadənin (tenor) ifasını dinləyiblər. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş konsertin proqramına Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cüzeppe Verdi, Cakomo Puççini, Corc Bize və digər bəstəkarların əsərləri daxil edilib. Maestro Yalçın Adıgözəlov Moskva Konservatoriyasında çıxış etməyin böyük məsuliyyət olduğunu vurğulayaraq deyib: “Təkcə ona görə yox ki, Moskva Konservatoriyasının Böyük zalı dahi musiqiçilərin çıxış etdiyi əfsanəvi məkandır. Tamaşaçılar arasında bizim həmvətənlərimiz də var. Onların qarşısında çıxış etmək böyük məsuliyyətdir. Konsertdə həm Avropa, həm Rusiya, həm də əlbəttə, Azərbaycan musiqisini təqdim etdik. Bilirəm ki, həmyerlilərimiz Azərbaycan musiqisi üçün darıxırlar”.

Y.Adıgözəlov qeyd edib ki, Dinara Əliyevanın festivalı opera sənəti sahəsində böyük hadisədir. Həm də Azərbaycanın gənc vokalçısı Azər Zadənin Moskvada çıxış etməsi qürurvericidir. Tamaşaçılar onun ifasını hərarətlə qarşıladılar. Azər üç dildə - Azərbaycan, rus və italyan dillərində əsərlər təqdim etdi. Ümumiyyətlə, Azərbaycanda çox istedadlı vokalçılar nəsli yetişir. Elçin Əzizov, Yusif Eyvazov, Əvəz Abdullayev, Azər Zadə və başqaları ölkəmizi dünyanın mötəbər teatr səhnələrində uğurla təmsil edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə