Dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncam əsasında Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi keçiriləcək
Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas- alim Əhməd bəy Ağaoğlu çoxşaxəli fəaliyyəti ilə tariximizdə seçilən şəxsiyyətlər sırasında yer alıb. 1869-cu ildə Şuşada anadan olan Əhməd bəy Ağaoğlunun bu il 150 illik yubileyidir. Bu günlərdə Azərbaycan Prezidenti Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan ictimai fikri tarixində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb, həyata keçirəcək.
Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən, Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində, o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.
Fransada təhsil aldıqdan sonra geri qayıdaraq Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır. O, 1894-cü ildə Tiflis, sonra isə 1896-cı ildə Şuşa Gimnaziyasında fransız dilindən dərs deyərək, el arasında "Firəng Əhməd" ləqəbini alır. Əhməd bəy Şuşada ilk dəfə qiraətxana-kitabxana açır.
1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetinin baş redaktoru olur. O, həmçinin, Ə.Hüseynzadə ilə "Həyat" qəzetinə də redaktoruluq edib.
1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin Difai təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı Milli Hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir. Sonradan gənc türklərin "İttihad və tərəqqi" partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla, İstanbul Universitetində rus dilindən dərs deyir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu Komandanının siyasi müşaviri olmuşdur. AXC dövründə Bakıda parlamentə üzv seçilir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula çatanda, "İttihad və tərəqqi" partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq, Malta adasına sürgün olunur.
Sürgündən qayıtdıqdan sonra kamalçılarla yaxınlaşaraq, Ankara İnformasiya Agentliyinə rəhbərlik etmiş, "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.
Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevriləcəkdir. 1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyətində o dövr, nəinki Şərqin, hətta Qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə - Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir.
Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun millətçi fikirlərindən və sosial-inqilabi düşüncələrindən təşvişə düşən erməni daşnaklarının təhdidlərinə cavab olaraq, türk-müsəlman xalqlarının hüququnu qorumaq üçün "Difai" adlı özünümüdafiə təşkilatı yaradır. Çar Rusiyasının erməni hakimiyyət nümayəndələri Qarabağda etnik təmizləmə işinə başladığı bir dövrdə "Difai" təşkilatı bu siyasətin qarşısını almaq vəzifəsini və Azərbaycan türklərinin milli təhlükəsizliyinin təmin olunmasını öz üzərinə götürdü. Lakin ruslar bunu qəbul etmədilər. Osmanlı imperiyasında geniş vüsət almış "Gənc Türk" İnqilabi Hərəkatından təşvişə düşmüş çar qüvvələri onun kitab və məqalələrinə "Pantürkist" adını verərək, təqib etməyə başladılar. Aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən, 1908-ci ilin sonlarında Türkiyəyə-İstanbula köçməli olur. Türk Ocağı Türk Milli Hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir. 1910-cu ildə isə ailəsi Türkiyəyə köçür.
Ə.Ağaoğlu 1909-cu ilin əvvəllərində İstanbulda maarif sahəsində müfəttiş, sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışır. 1909-cu ilin oktyabrından İstanbul Darülfünunda Türk-Monqol tarixindən və rus dilindən dərs deyir. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. O, 1912-ci ildə istefa verərək, "İttihad və Tərəqqi" Firqəsinə daxil olur. Həmin il keçirilən seçkilərdə Afyon-Qarahisardan Osmanlı parlamentinə deputat seçilir. 1912-ci ildə Ə.Ağaoğlu iki dəfə yazdığı məqalələrə görə tutulur və tezliklə də azad edilir.
1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy, eyni zamanda, İttihad və Tərəqqi təşkilatının "Mərkəzi Ümumisinin" üzvü olmuşdur.
Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru olmuşdur.
Türkiyədə yaşayan Ə.Ağaoğlu Azərbaycanla əlaqəni kəsməmişdi. 1915-ci ildə, o, Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci Dünya müharibəsi dövründə ABŞ prezidenti V.Vilsona ünvanlanmış Rusiya müsəlmanlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi.
Belə bir ictimai-siyasi fəaliyyəti, ədəbi-bədii düşüncələri ilə maarifpərvər ziyalı kimi xatırlanan Əhməd bəyin 150 illik yubileyi qeyd olunacaq və onun keçdiyi yola nəzər salınarkən böyük ziyalının fəaliyyəti işıqlandırılacaq.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB