Nizami Xudiyevin 70 illik yubileyi qeyd edilib - TƏDBİR - VİDEO

Nizami Xudiyevin 70 illik yubileyi qeyd edilib - TƏDBİR - VİDEO

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, tanınmış ictimai-siyasi xadim, filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor, Əməkdar elm xadimi Nizami Xudiyevin 70 illik yubileyinə və elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, mərasim iştirakçıları əvvəlcə professor Nizami Xudiyevin əsərlərinin təqdim edildiyi sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov professor Nizami Xudiyevin elmi-pedaqoji fəaliyyətindən danışıb. Rektor dövlətimizin başçısının Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında 2019-cu il 4 aprel tarixli Sərəncamını, həmçinin universitetin kollektivinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Qeyd olunub ki, Nizami Xudiyev hələ pedaqoji institutda təhsil aldığı illərdə “Nizami Gəncəvi” adına fərdi təqaüdə layiq görülüb. 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib. 1994-1996-cı illərdə ADPU-nun rektoru olub. 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə rəhbərlik edib. Milli Məclisin deputatı olduğu dövrdə dövlət quruculuğu, iqtisadi islahatlar, mədəniyyət və təhsil sahəsində qanun layihələrinin müzakirəsində tutarlı təklif və mülahizələri ilə həmişə seçilib. Dövlət, hökumət və parlament nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə respublikamızı ləyaqətlə təmsil edib.

Dövlət strukturunda məsul vəzifə tutduğu dövrdə də professor N.Xudiyev elmi fəaliyyətini davam etdirib, ədəbi dil sahəsində sanballı tədqiqatları ilə Azərbaycan dilçilik elminin inkişafına töhfələr verib. O, 60-dan çox monoqrafiya, dərslik və dərs vəsaitinin, 50-dən artıq sənədli televiziya filminin ssenari müəllifidir. Elmi-kütləvi nəşrlərdə, qəzet və jurnallarda 400-dən çox elmi məqaləsi dərc edilib. Gərgin elmi araşdırmaların məhsulu olan “Azərbaycan ədəbi dilinin təşəkkülü”, “Тərсümə ədəbiyyatı və ədəbi dilimiz”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan ədəbi dilinin sovet dövrü”, “Heydər Əliyev və Azərbaycan dili”, “Xalq və dövlət naminə”, “Yazıçı dili və üslubu”, “Radio, televiziya və ədəbi dil”, “Xalqın tarixi haqqı: dilimiz, varlığımız”, “Zamanın axarı ilə” (I-II), “Şəxsiyyət və zaman”, “Uğurlu yolun layiqli davamçısı”, “ҮАР dünənin, bu günün, sabahın partiyasıdır” və digər fundamental əsərləri N.Xudiyevin Azərbaycan elminə sanballı və əvəzolunmaz töhfəsidir.

Qeyd edək ki, professor N.Xudiyev görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Professor Ə.Dəmirçizadə dünyası” adlı monoqrafiya hazırlayıb.

Görkəmli alimin bir sıra kitab və məqalələri xarici ölkələrdə- İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər ölkələrdə nəşr edilib. O, türkoloq-alim kimi respublikamızda və xaricdə keçirilən türkoloji tədbirlərin - qurultay, beynəlxalq simpozium və elmi konfransların nümayəndəsi olub və bu mötəbər toplantılarda elmi məruzələrlə çıxış edib.

Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə orden və medallarla təltif edilib, bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Tədbirdə professor N.Xudiyevə 70 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə ADPU-nun fəxri fərmanı təqdim edilib.

Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov “Professor Nizami Xudiyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov qeyd edib ki, N.Xudiyev həm elm sahəsində, həm də ideoloji işçi kimi öz missiyasını layiqincə yerinə yetirib. Azərbaycanın ictimai və siyasi həyatında yaxından iştirak edib, Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edib.

Sonra Ə.Əhmədov yubilyara YAP adından hədiyyə təqdim edib.

Tədbirdə akademiklər İsa Həbibbəyli, Kamal Abdulla və Nizamı Cəfərovun çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə