Opera və Balet Teatrında “Şəhrizad”ın premyerası keçiriləcək- FOTO
Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında "Şəhrizad" baletinin premyerası keçiriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Şəhrizad" baleti klassik quruluşda xalq artisti Tamilla Şirəliyevanın redaksiyasında səhnəyə qoyulur. Şəhrizad partiyasını balet truppasının aparıcı solisti – əməkdar artist, Prezident mükafatçısı Kamilla Hüseynova ifa edəcək. Bu rolun ikinci ifaçısı isə gənc balerina, milli baletimizin yeni parlamaqda olan ulduzlarından biri olan Elmira Mikayılovadır.
Tamaşada digər əsas partiyalarda əməkdar artistlər, Prezident mükafatçıları Gülağası Mirzəyev və İslam İslamov çıxış edəcəklər.
Tamaşanın dirijoru isə əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur.
Qeyd edk ki, "Şəhrizad" simfonik süitası Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli musiqilərdən, eyni zamanda rus simfonik musiqisinin zirvəsində duran əsərlərdən biridir. N.Rimski-Korsakov bu əsəri 1888-ci ildə qələmə alıb.
Əsər çox populyar olub, tez-tez dünyanın ən yaxşı orkestrləri tərəfindən ifa olunur. "Şəhrizad" ənənəvi klassik xoreoqrafiya əsasında 1910-cu ildə Mixail Fokin tərəfindən səhnəyə qoyulub. Balet həmin quruluşda Böyük Teatrda, Sankt-Peterburqun Mariinski Teatrında və Kiyevdə Ukrayna Dövlət Opera və Balet Teatrında nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB