Fikrət Qoca: "Həyatım enişli, yoxuşlu olub" - MÜSAHİBƏ- ÖZƏL

Fikrət Qoca: "Həyatım enişli, yoxuşlu olub" - MÜSAHİBƏ- ÖZƏL

Özü kimi olmağı, özünə sadiq qalmağı bacarmaq böyük xöşbəxtlikdir. Açdığın çığır, saldığın iz özünə məxsus dəsti-xətti yaratmaq hər kəsə nəsib olmur... Axı, hər insan bir dünyadır. «Hər ürək oxunmamış bir kitabdır», «hər üzün qırışında bir ömrün hekayəti» gizlənirsə, bu sirli dünyadan söhbət açmaq istəyən sənətkar da o aləmə öz qəlbinin pəncərəsindən baxmaya bilməz. Xalq şairi Fikrət Qocanın SİA-ya verdiyi səmimi müsahibəni oxuculara təqdim edirik.

- Fikrət müəllim, 80 yaşınızı arxada qoymusunuz, bilmək istərdik bu yaşda özünüzü nece hiss edirsiniz?

- Mən heç vaxt şikayət edən insan olmamışam. İndi 80 ilin ardından baxıram... Ömrümü şair ömrü kimi yaşamışam. Həyatım enişli, yoxuşlu olub. Çalışmışam qocalmayam...Amma həyat bəzən amansızdır insanın bəzən xaricini, bəzən də daxilini qocaldır...

- İstər yaradıcılığınıza, istərsə xarakterinizə görə hər zaman sayılıb-seçilən ziyalısız. Bu, insan üçün ən böyük xoşbəxtlikdir. Maraqlıdır, talenin çox şeyi nəsib etdiyi Fikrət Qocaya ən yaxşı hədiyyə nə ola bilər?

- Ən yaxşı hədiyyə Allahın verdiyi can sağlığıdır. Dost-tanışımın, ailəmin, bir sözlə məni sevənlərin diqqətindən gözəl heç nə yoxdur. Əsasən, yaradıcı insanların diqqətə daha çox ehtiyacları olur. Çünki onlar olduqca həssasdırlar. Yaxın dostum Çingiz Əsədullayev yubileyim münasubəti ilə 8 cildlik seirlər kitabımı nəşr etdirdi. Kitabların 4-ü şeirlər, 1-i poemalar, 3-ü isə roman, povest və piyeslərdən ibarət olması nəzərdə tutulub. Hazırda kitablardan 3-ü işıq üzü görüb. May ayına qədər bütün nəşrlərin hazır olacağı planlaşdırılıb. Bunu yubileyimin ən yaxşı hədiyyəsi hesab edirəm. Mahnı mətnlərinin də ayrıca cilddə nəşr olunmasını düşünürəm. Hər insan fərqli yaradılıb. Hərənin ayrı qismət payı olduğu kimi xasiyəti, rəftarı da fərqlidir.

- Deyirlər insanlar yaşa dolduqca xasiyyətləri də dəyişir. Bu fikirlə razısız?

- Elə insanlar var ki, onlar nəinki yaşa dolduqca, elə hər gün dəyişirlər... Belə adamlardan uzaq olmaq daha yaxşıdır. Lakin elə insanlar da var ki, onların dəyiməsini almaz daşının cilalanması prosesinə oxşatmaq olar. Belələri yaşa dolduqca daxilən zənginləşirlər. Zaman bəzilərinə müsbət, bəzilərinə mənfi təsir göstərir. İnsan çox qəribə məxluqdur. Çox tez dəyişən, zəif xarakterli adamlar olduqca çoxdur. Insanların formalaşmasında mühitin, aldıqları tərbiyənin böyük rolu var.

- Bəlkə də bu baxımdan insanları dəyişmək mümkün deyil...

- İnsanları daxilən dəyişmək qətiyyən mümkün deyil. Bəzən yaxşı tanıdığın adamdan heç gözləmədiyin hərəkət görürsən. Amma hansısa hərəkətə görə kiminsə pis adam olduğunu da demək doğru deyil. Ümumiyyətlə, həyat da, insanlar da çox qəribədirlər. Biz genlərimizdə olan xüsusiyyətləri daşıyırıq. Bu, sübut olunmuş elmdir. İnsanlarda heyvani xüsusiyyətləri görəndə təəssüflənirəm. Çünki, insan meymundan əmələ gəlməyib. Əgər belə olsaydı əsrlər boyu meymundan əmələ gələn insanlar ortaya çıxardı. İnsanı yaradan Allahdır.

- İnsanlarla yaxşı rəftar etməyin, xoş ünsiyyətdə olmağın özü də ibadətdir...

- Xoş rəftar etmək, qəlbə dəyməmək həm ibadət , həm də böyük mədəniyyətdir.

- Deyirlər ruhən cavan olan insanlar cismən də qocalmırlar...

- Bu fikirlə razıyam. Ruhdur insanı yaşadan. Gərək ruhunu pisliklərdən qoruyasan...

Bütün xəbərlər Facebook səhifəmizdə