SSRİ Xalq artisti, görkəmli rejissor Georgi Daneliya bu gün 88 yaşında Moskvada ürək çatışmazlığı səbəbindən vəfat edib. SİA xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə rejissorun həyat yoldaşı Qalina Daneliya məlumat verib. Rusiya Kinematoqrafçılar İttifaqından məlumatı təsdiqləyiblər.
Həkimlər fevral ayında ağ ciyər sətəlcəmi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Georgi Daneliyanın həyatını xilas etməyə çalışaraq onu süni koma vəziyyətinə salmışdılar.
Georgi Daneliya 1930-cu il avqustun 25-də Tbilisidə doğulub. Moskva Memarlıq İnstitutunu bitirib. Memarlıq peşəsi ilə paralel bədii filmlərdə çəkilib. 1956-cı ildə “Mosfilm” kinostudiyası nəzdində fəaliyyət göstərən ali rejissor kurslarına daxil olub.
1960-cı ildə Daneliyanın debüt filmi olan “Seryojka” ekranlara çıxıb. Film Karlovı Varı şəhərində keçirilən Beynəlxalq kino festivalında fərqlənib. Rejissora məşhurluğu 1964-cü ildə ekranlara çıxan “Mən Moskvada addımlayıram” filmi gətirib. O, “Otuz üç”, “Qəm yemə”, “Afonya”, “Mimino”, “Payız marafonu”, “Pasport”, “Nastya” və bir çox başqa filmlərin rejissorudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB