Bəstəkar Rüfət Ramazanovun yaradıcılığında aşıq musiqisinin tərənnümü
Azərbaycan bəstəkarlarının orta nəslinə mənsub olan Rüfət Ramazanov, Bəstəkarlar ittifaqının idarə heyətinin və Kinematoqrafçılar Gildiyasının üzvüdür. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının aparıcı elmi əməkdaşıdır. Müəllifin bir sıra əsərləri, Musiqi Akademiyasının dərs vəsaitlərində, eyni zamanda, bir neçə Antologiyalarında çap olunmuş və CD şəklində işıq üzü görmüşdür.
Bəstəkarın bir sıra əsərləri, “Mədəniyyət” (AZ.TV) kanalının musiqi fondunda saxlanılır. Rüfət Ramazanov 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur.Musiqiyə olan həvəsi çox erkən yaşlarında özünü büruzə verməyə başlamışdır.Valideynləri onu çox kiçik yaşlarında (4 yaşında) məktəbəqədər musiqi (hazırlıq) kurslarına cəlb etmiş, onun istedadının özünü büruzə verməsinə şərait yaratmışlar.O, bu illərdə fortepiano ixtisası üzrə ilk musiqi dərslərini almışdır. Sonralar, bu həvəs onu Bülbül adına Orta ixtisas musiqi məktəbinə gətirir.Burada artıq professional təhsilə başlamış gələcək bəstəkar, skripka sinfi üzrə öz ilk dərslərini mənimsəməyə başlayır.Bu təhsil, inkişaf edərək sonralar Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində öz davamını yerinə yetirir. Burada, öz ixtisası ilə paralel (fakultativ) olaraq, bəstəkarlıq (uşaq yaradıcılığı) sinfi üzrə də məşğul olmağa başlayır. Bu dövrdə, zəmanəmizin Dahi bəstəkarı, Qara Qarayevin tələbələri sırasında olmuş, Leonid Vaynşteyn dərs deyirdi. R.Ramazanov bu bəstəkarin rəhbərliyi aitında ilk yaradıcılıq nümunələrini yaratmağa başlayır. Musiqi yaradıcılığına olan bu həvəs, onu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” fakultəsinə, professor Xəyyam Mirzəzadənin sinfinə gətirir.
Artıq tələbə-bəstəkar kimi təhsilə başlayan R.Ramazanov, kurs işləri kimi bir sıra kamera-instrumental, vokal əsərlərini qələmə alır. Onun 1995-ci ildə yazdığı, diplom işi, “Hürufilər” adlı simfonik poeması olmuşdur. Əla qiymətlə diplom müdafiəsi, bəstəkarın simfonik janra olan böyük həvəsini bir daha təsdiqləyir. Artıq 1996-ci ildən etibarən, R.Ramazanov Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilir. Məhz bu illərdən başlayaraq, müəllif simfonik janrda bir sıra yeni simfonik əsərləri qələmə almışdır. Bu əsərlərdən, Böyük
Simfonik Orkestr üçün yazılmış “Fəzlullah Nəimi” simfonik poeması, “Əsrin Dahisi” (Ulu Öndər, Heydər Əliyevin 90 illiyinə həsr olunmuşdur.) simfonik dastanı, sonralar “Qara Qarayevə ithaf” simfoniyası və başqa əsərləri, Dövlət Simfonik Orkestri və eyni zamanda, Niyazi adına Böyük Simfonik Orkestri (AZ.TV) tərəfindən uğurla ifa edilmiş və CD-yə yazılmışdır. Bu janrda olan uğurlu fəaliyyətinə görə, bəstəkar 2003-cü ildə “Azərbaycan Gənclər Mükafatı”na layiq görülmüşdür.
Bəstəkarın teatr və kino musiqisi sahəsində də, olduqca uğurlu işləri vardır. O, bu günə qədər 5 teatr tamaşasına və eyni zamanda, 3 filmə yazılmış musiqinin müəllifidir.
Bəstəkarın fortepiano üçün qələmə alınmış bir sıra maraqlı əsərləri mövcuddur. Bu əsərlər sirasında “Prelüdlər”, “Musiqi Anları” silsilələri, “Ötəri Anlar” kimi əsərləri, daima müxtəlif ifaçılar tərəfindən dəfələrlə ifa olunmuş və çap olunmuşdur. Bu əsərlərdən biri, 2011-ci ildə qələmə alınmış “Divani” əsəridir. Bu əsərin konsepsiyası, olduqca maraqlıdır. Burada, aşıq (saz) musiqisinin ifa manerasının, məhz fortepianonun səslənməsində və onun faktura quruluşunda, bir növ təqlidini yaratmaq kimi məqsəd özünü göstərmişdir. Bu barədə bəstəkar belə söyləmişdir:
- “Hər bir musiqi alətinin öz xarakterik faktura quruluşu vardır. Faktura, hər bir alətin ifa manerasının, ifa tərzinin simasıdır”. Əsərdə, aşıq musiqisinin xarakterik xüsusiyyətlərinin təqlidi ilə paralel olaraq, müasir bəstəkarlıq texnikasının da istifadəsi, öz yaradıcı həllini tapmışdır. Əsərdə, müəllif tərəfindən qurulan improvizə nümunəsi, bilavasitə ifaçının musiqi kompozisiyası çərçivəsində öz ifaçılıq imkanlarının geniş şəkildə büruzə verməsinə şərait yaradır.
Qeyd etmək lazımdır ki, əsərdə əsas götürülən ideya, onun proqramından irəli gələn bir xüsusiyyətdir. “Divani” – coşqin, ehtiraslı, qəhrəmani və mübariz xarakterdə olan aşıq şer nümunəsidir. Məhz əsərin obraz quruluşu, bu ideyanın üzərində bərqərar olmuşdur. Rüfət Ramazanov bu əsəri, onun ilk ifaçısı olan, dövrümüzün görkəmli pianoçularından biri, Xalq Artisti, Ülviyyə Hacıbəyovaya ithaf etmişdir.
Qeyd etmək lazımdır ki, R.Ramazanovun “Divani” əsəri, Azərbaycan aşıq musiqisinin YUNESCO tərəfindən dəstəklənməsi ərəfəsində yaradılan ilk və maraqlı musiqi töhfəsidir.
Kəmaləxanım Əsədullayeva,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə