"Füzuli ədəbi məktəbi" monoqrafiyası nəşr edilib

"Füzuli ədəbi məktəbi" monoqrafiyası nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Vaqif qızı Mahmudovanın “Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)” monoqrafiyası nəşr edilib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28.02.2019-cu il tarixli (protokol № 2) qərarı ilə çapa tövsiyə edilmiş monoqrafiya “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun hazırladığı “Füzuli kitabxanası” kitablar seriyasının II kitabıdır. Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev, rəyçilər filologiya üzrə fəlsəfə doktoru , dosent Əzizağa Nəcəfov və filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevadır.

İlk dəfə bu monoqrafiyada Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri və çəkisi olan Füzuli ədəbi məktəbi bütün yönləri ilə vəhdət şəklində, bir küll olaraq tədqiqata cəlb edilmişdir. Monoqrafiyada Füzuli ədəbi məktəbinin təşəkkülü və inkişafı yolları araşdırılmış, ədəbiyyat tarixində bu məktəbin mövqeyi, nüfuzu müəyyənləşdirilmiş, şairlərin bu ədəbi məktəbin nümayəndəsi olmaqla ədəbiyyat tarixində oynadığı rolu, Füzuli yaradıcılığının şairin ədəbi məktəbinin nümayəndələrinin yaradıcılığında necə və hansı yollarla əks olunduğu nümunələr əsasında araşdırılmışdır.

Müəllif Füzuli ədəbi məktəbinin təşəkkülü və inkişafı yollarını araşdıraraq, ədəbiyyat tarixində bu məktəbin mövqeyini, nüfuzunu müəyyənləşdirməyə cəhd edir, şairlərin bu ədəbi məktəbin nümayəndəsi olmaqla ədəbiyyat tarixində oynadığı rolu, Füzuli yaradıcılığının şairin ədəbi məktəbinin nümayəndələrinin yaradıcılığında necə və hansı yollarla əks olunduğunu göstərir, ona obyektiv qiymət verir. Təqdirəlayiq haldır ki, monoqrafiyada ədəbiyyatşünaslıqda “ədəbi məktəb” anlayışının məzmunu ilə bağlı dəqiqləşdirmələr aparılmış, Nizami ədəbi məktəbi işığında Şərq ədəbiyyatında ədəbi məktəblərin yaranma və yaşama prinsipləri, xüsusiyyətləri göstərilmiş, Füzuli ədəbi məktəbinin tarixi ümumi şəkildə nəzərdən keçirilmiş, XVI əsrdən başlayaraq Füzuli ədəbi məktəbinin ədəbiyyat tarixindəki mövqeyi, təşəkkül və inkişaf xüsusiyyətləri, onun ayrı-ayrı şairlərə, eləcə də başqa xalqların ədəbiyyatına təsiri müəyyənləşdirilmiş, XVI-XVIII əsrlər Füzuli ədəbi məktəbi nümayəndələrinin Füzuli təsiri ilə yaranan əsərləri öyrənilmiş və təhlil edilmişdir.

Kitab filoloq alimlər, dissertantlar, doktorantlar, magistrantlar, ali məktəb müəllimləri və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə